25 noyabr 2026. Çərşənbə

İdman elmlərinin inkişafına həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb


  • Offside
  • 13:07 25.11.2026
  • Oxunma sayı: 52
İdman elmlərinin inkişafına həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb
AGF

Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə “ASA-da idman elmlərinin inkişafı” mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfrans keçirilir.

AGF-dən 90deqiqe.Az-a verilən məlumata görə, konfransın plenar iclasında federasiyanın baş katibi Pərvin Piriyev “Elmi yanaşmaların idman nəticələrinə müsbət təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, idmançıların hazırlığında elmi metodların tətbiqinin vacibliyini, məşq sisteminin müasir tələblərə uyğun qurulmasını və elmi biliklərin praktikaya inteqrasiyasının nəticələrin yaxşılaşdırılmasındakı rolunu vurğulayıb.

Pərvin Piriyev, həmçinin məşqçilərin yeni elmi yanaşmaların tətbiqi zamanı üzləşdiyi çətinliklərdən, nəzəri biliklərin məşq prosesinə keçirilməsi ilə bağlı problemlərdən və onların həlli yollarından danışıb.

Konfransda AGF-nin dəvəti ilə iştirak edən Nippon İdman Elmləri Universitetinin professoru Masamitsu İtonun çıxışı da diqqət çəkib. Yaponiyalı mütəxəssis “Məşqçinin öyrənən şəxs kimi inkişafı” mövzusunda təqdimat edərək, məşqçilərin davamlı peşəkar inkişafı, müasir təlim metodları və Yaponiya təcrübəsi barədə fikirlərini bölüşüb.

İki gün davam edəcək konfransda idmançı hazırlığının təkmilləşdirilməsi, idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi, idman təhsilinin inkişafı, məşq prosesinin elmi əsaslarla təşkili, zədələrin profilaktikası və reabilitasiya, innovativ texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunur.

Tədbirin əsas məqsədi idman elmləri sahəsində müasir yanaşmaların, innovativ metodların və beynəlxalq təcrübənin müzakirəsi, elmi biliklərin idman praktikasında tətbiqi imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, bu cür beynəlxalq platformalar idman mütəxəssisləri arasında təcrübə mübadiləsinin gücləndirilməsi, elmi potensialın artırılması və müasir yanaşmaların idman sahəsinə inteqrasiyası baxımından mühüm rol oynayır.







Offside