- Offside
- 18:33 25.11.2026
“Səbail” klubunun dəvəti ilə Almaniyanın “Polytan” şirkətinin mütəxəssisləri Quba Olimpiya Kompleksinin stadionunda baxış keçiriblər.
I Liqa təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, şirkətin nümayəndəsi Daniel Veyler meydançanın ot örtüyünün vəziyyətini və drenaj sistemini yoxlayıb. Yerli iqlim şəraiti, əsas komandanın, eləcə də akademiyanın aşağı yaş qruplarından ibarət kollektivlərinin məşqlərini burada keçirməsi nəzərə alınaraq, mütəxəssis müvafiq təkliflərini təqdim edib.
Baxışın nəticələrinə əsasən, stadionda son nəsil süni ot örtüyünün quraşdırılması məqsədəuyğun hesab edilib. “Polytan” görüləcək işlərin yüksək keyfiyyətlə icrasına zəmanət verib.
Qeyd edək ki, Almaniyanın “Polytan” şirkəti FIFA-nın rəsmi texniki tərəfdaşıdır və qurumun Keyfiyyət Proqramı çərçivəsində “FIFA Preferred Provider” statusuna malikdir.