- Offside
- 20:18 25.11.2026
Məktəblilər arasında şose velosipedi üzrə Bakı birinciliyi başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, yarışın final mərhələsi Veloparkda keçirilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarış paytaxtın 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunub.
12 rayonu əhatə edən seçmə mərhələlərdə 600-ə yaxın məktəbli iştirak edib. Finala vəsiqə qazanan 2013–2014-cü il təvəllüdlü oğlan və qız velosipedçilər qrup ötüşməsində qüvvələrini sınayıblar.
Qızlar arasında Sabunçu rayonu 113 saylı tam orta məktəbin şagirdi Ülkər Həsənli birinci yeri tutub. 148 saylı məktəbin təmsilçisi Aysel Aşurova ikinci, Binəqədi rayonu 248 saylı məktəbin şagirdi Gülər Cəfərova isə üçüncü olub.
Oğlanların yarışında Pirallahı rayonu 243 saylı tam orta məktəbin şagirdi Rəsul Əkbərov birinciliyin qalibi adını qazanıb. Yasamal rayonu 133 saylı məktəbin təmsilçisi Əli Həmidov ikinci, Sabunçu rayonu 113 saylı məktəbin şagirdi Əlimirzə Heydərli isə üçüncü olub.
Fərqlənən məktəblilər medal və diplomlarla yanaşı, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlərlə də mükafatlandırılıblar.
Mükafatları Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Gülnarə Məlikova təqdim ediblər.