- Offside
- 21:49 26.11.2026
Azərbaycan İdman Akademiyasında (ASA) “ASA-da idman elmlərinin inkişafı” mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 24–25-də baş tutan tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Konfransın əsas məqsədi idman elmləri sahəsində müasir elmi yanaşmaların müzakirəsi, innovativ tədqiqatların təşviqi və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi olub.
Açılış mərasimində ASA-nın rektoru Fuad Hacıyev Akademiyanın elmi-tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və elmi nəticələrin praktiki idman mühitinə tətbiqi istiqamətində görülən işlərdən danışıb. O, idman elminin yalnız yüksək nəticələrin əldə olunmasına deyil, həm də ictimai sağlamlığın qorunması, fiziki aktivliyin təşviqi, idman təhsilinin keyfiyyətinin yüksəldilməsi və idmanın dayanıqlı inkişafına xidmət etdiyini vurğulayıb.
Bildirilib ki, Akademiya beynəlxalq akademik standartlara uyğun təhsil və tədqiqat mühitinin formalaşdırılması, elmi fəaliyyətin keyfiyyətinin artırılması və qabaqcıl təcrübənin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. ASA-nın “QS Stars” beynəlxalq qiymətləndirməsində 5 ulduz – “Mükəmməl” reytinqinə layiq görülməsi də bu istiqamətdə əldə olunan nailiyyətlərdən biri kimi qeyd olunub. Akademiyanın dünyada bu reytinqə layiq görülən ilk idman profilli ali təhsil müəssisəsi olduğu vurğulanıb.
Konfransda Azərbaycanla yanaşı, Sloveniya, Bolqarıstan, Yaponiya, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Rusiya, Özbəkistan və Avstriyadan alimlər, tədqiqatçılar, akademik nümayəndələr və idman mütəxəssisləri iştirak ediblər. Tədbir çərçivəsində plenar məruzələr, panel sessiyaları və praktiki seminarlar təşkil olunub.
Elmi proqram idman təbabəti və sağlamlığı, idman pedaqogikası və təhsili, idmanın idarə olunması və təşkili istiqamətlərini əhatə edib. Müzakirələrdə idman zədələrinin profilaktikası və reabilitasiyası, məşq yüklərinin fərdiləşdirilməsi, idmançıların funksional vəziyyətinin qiymətləndirilməsi, fiziki və psixoloji hazırlıq, inklüziv idman mühiti, rəqəmsal texnologiyaların tətbiqi və digər aktual məsələlər diqqət mərkəzində olub.
İdman elminin inkişafında fənlərarası yanaşmanın əhəmiyyəti də xüsusi vurğulanıb. İdman təbabəti, fiziologiya, biomexanika, psixologiya, pedaqogika, rəqəmsal texnologiyalar və idarəetmə sahələrinin inteqrasiyasının idmançı hazırlığının təkmilləşdirilməsinə, elmi əsaslı məşq metodlarının tətbiqinə və idman fəaliyyətinin effektivliyinin artırılmasına verdiyi töhfələr müzakirə edilib.
Rektor beynəlxalq elmi əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr barədə də məlumat verib. Hazırda 30-dan çox beynəlxalq professor və mütəxəssis Akademiyanın magistrant və doktorantlarının dissertasiya işlərinə elmi rəhbərlik edir, tərəfdaşlarla 25-dən çox birgə tədqiqat həyata keçirilir. 2026-cı ildə ASA-nın professor-müəllim heyətinin müəllifliyi ilə Scopus və Web of Science bazalarında indekslənən Q1, Q2 və Q3 kvartilli jurnallarda 14 elmi məqalə dərc olunub.
Bundan başqa, AZERFIT layihəsi çərçivəsində Edvard Kolar və Rado Pişotun rəhbərliyi ilə genişmiqyaslı tədqiqatlara başlanıldığı bildirilib. MITRI ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmalar 9–14 yaşlı uşaqların morfoloji və fiziki göstəricilərinin qiymətləndirilməsini, eləcə də Olimpiya Oyunlarına namizəd idmançıların funksional diaqnostikasını əhatə edir. Tədqiqatların əsas məqsədi fiziki inkişafın elmi təhlili, idman potensialının erkən müəyyənləşdirilməsi və yüksək nəticələrə hazırlıq prosesinin təkmilləşdirilməsidir.
Akademiyanın elm və innovasiyalar üzrə prorektoru, mexanika üzrə elmlər doktoru Nailə Kələntərli 2026-cı ilin elmi baxımdan məhsuldar olduğunu, elmi nəşrlərin sayının 37 faiz artdığını və AZERFIT layihəsinin real nəticələr verməyə başladığını bildirib. O, növbəti mərhələdə yüksək reytinqli jurnallarda nəşr fəaliyyətinin genişləndirilməsi, tədqiqatların keyfiyyətinin və beynəlxalq görünürlüğünün artırılması, AZERFIT layihəsinin ölkə üzrə əhatəsinin genişləndirilməsinin əsas prioritetlər olacağını qeyd edib.
Konfransın əhəmiyyəti Bakının 2026-cı ildə Dünya İdman Paytaxtı elan edilməsi kontekstində də vurğulanıb. Bu statusun idman elmi, təhsil, ictimai sağlamlıq və sosial inkişaf arasında əlaqələrin gücləndirilməsi üçün yeni imkanlar yaratdığı bildirilib.
İki gün davam edən konfrans idman elmləri üzrə aktual tədqiqatların müzakirəsi, beynəlxalq təcrübə mübadiləsi və gələcək birgə layihələrin formalaşdırılması baxımından mühüm platforma olub. tədbir Akademiyanın elmi potensialının gücləndirilməsi və beynəlxalq akademik inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətinin davamı kimi qiymətləndirilib.