- Offside
- 21:49 26.11.2026
Azərbaycan Güləş Federasiyasının (AGF) dəvəti ilə Yaponiyanın Nippon İdman Elmləri Universitetinin (NSSU) professoru Masamitsu İtonun iştirakı ilə milli komandaların məşqçiləri və tibbi personalı üçün seminar təşkil olunub.
AGF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, seminarda idmançıların hazırlığında müasir pedaqoji və psixoloji yanaşmalar, məşqçilərin peşəkar inkişafı, yüksək nəticələrin əldə olunmasında şüurlu öyrənmə və özünüanaliz metodlarının rolu müzakirə edilib.
Masamitsu İto məşqçi hazırlığında ənənəvi mühazirə formatından fərqli olaraq, interaktiv, praktiki və təhlilə əsaslanan təlim metodlarının əhəmiyyətini vurğulayıb. O, Paris Yay Olimpiya Oyunlarının qızıl medalçılarının hazırlıq təcrübəsindən, eləcə də bu istiqamətdə aparılmış elmi-praktiki müşahidələrdən nümunələr təqdim edib.
Təqdimatda yüksək nəticə göstərən idmançıların əsas xüsusiyyətlərindən biri kimi məşq prosesinə şüurlu yanaşmaları, öz fəaliyyətlərini təhlil etmələri və qəbul etdikləri qərarların mahiyyətini dərk etmələri qeyd olunub. Bu baxımdan, Paris-2024 Olimpiadasında sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində qızıl medal qazanan Rey Hiquçinin təcrübəsi diqqətə çatdırılıb. Onun hər məşqdən sonra düşüncələrini və məşqçilərin qərarlarını səs yazısı ilə qeydə alaraq təhlil etməsi fərdi inkişaf və özünüqiymətləndirmə nümunəsi kimi göstərilib.
Seminarda məşqçinin müasir idmanda rolunun dəyişdiyi, onun yalnız texniki göstərişlər verən deyil, həm də idmançının müstəqil düşünmək, qərar qəbul etmək və səhvlərindən nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirən mentor olduğu vurğulanıb. Bu məqsədlə hazır cavablar verməkdənsə, düzgün suallar vasitəsilə idmançının təhlil və qərarvermə qabiliyyətini stimullaşdırmağın vacibliyi qeyd edilib.
Praktiki hissədə iştirakçılar açıq və qapalı suallar əsasında interaktiv komanda çalışmalarına qoşulublar. Bu çalışmalar vasitəsilə məşqçilərin ünsiyyət, sualvermə və idmançıları düşünməyə təşviq etmə bacarıqlarının inkişafına yönələn metodlar nümayiş etdirilib.
Qeyd edək ki, seminar Azərbaycan güləşində elmi yanaşmaların məşq prosesinə inteqrasiyası, məşqçi və tibbi heyətin beynəlxalq təcrübə ilə tanış olması, həmçinin peşəkar bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətlidir. 100 ildən artıq tarixə malik NSSU-nun professorunun təcrübəsinin bölüşülməsi idmançıların hazırlığının müasir tələblərə uyğun təkmilləşdirilməsinə, onların fərdi potensialının üzə çıxarılmasına və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
AGF bu cür təşəbbüslərlə güləşdə elmi-praktiki biliklərin tətbiqini genişləndirməyi, beynəlxalq əməkdaşlığı gücləndirməyi və müasir məşqçi mühitinin formalaşdırılmasını hədəfləyir.