- Offside
- 21:49 26.11.2026
Nigeriyada Azərbaycanın milli idman növü olan çövkən üzrə ölkə çempionatı keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) 90deqiqe.Az-a verilən məlumata görə, üç gün davam edən yarışda dörd komanda – “NSK Farms”, YBL, “Western Ponies” və “60 Yards” çempionluq uğrunda mübarizə aparıb.
Çempionatın ilk iki günündə komandalar final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparıb, son gündə isə turnirin qalibi müəyyənləşib.
Yekun nəticələrə əsasən, “NSK Farms” Nigeriya çempionu olub. YBL ikinci, “Western Ponies” üçüncü, “60 Yards” isə dördüncü yeri tutub.
Mükafatlandırma mərasimində Beynəlxalq Çövkən Federasiyasının baş katibi Maçey Mixal Olbrix və icraçı direktoru Fərid Eyvazov qalib komandalara mükafatları təqdim ediblər.
Qeyd edək ki, Nigeriyada keçirilən çempionat çövkənin ölkədə inkişafı, yerli komandaların təcrübə qazanması və ənənəvi atüstü idman növünə marağın artırılması baxımından əhəmiyyətlidir. Bu cür yarışlar, eyni zamanda, çövkənin beynəlxalq miqyasda tanıdılması və yeni ölkələrdə yayılması, eləcə də idman icmaları arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.