27 noyabr 2026. Cümə

AGF veteran güləşçilərlə görüş keçirib


  • Offside
  • 18:07 26.11.2026
  • Oxunma sayı: 48
AGF veteran güləşçilərlə görüş keçirib
Rəsmi

Azərbaycan Güləş Federasiyasında (AGF) veteran güləşçilərlə görüş keçirilib.

90deqiqe.Az xəbər verir ki, AGF-nin Güləş İrsi və İcması Komitəsinin təşəbbüsü ilə təşkil olunan görüşdə oktyabrın 6-11-də İordaniyada keçirilən veteranlar arasında dünya çempionatının iştirakçıları, eləcə də Azərbaycan güləşinin tanınmış veteranları və məşqçiləri iştirak ediblər.

AGF-nin baş katibi Pərvin Piriyev görüşdə dünya çempionatında medal qazanan veteranları təbrik edib, onların Azərbaycan güləşinin beynəlxalq arenada təmsil olunmasına verdikləri töhfəni yüksək qiymətləndirib.

Görüş zamanı federasiyanın fəaliyyəti, strateji hədəfləri, gələcək planları və Azərbaycan güləşinin inkişaf perspektivləri barədə məlumat verilib. Veteranların zəngin təcrübə və biliklərinin bu prosesdə mühüm rol oynadığı vurğulanıb, onların fikir və təkliflərinin federasiyanın gələcək fəaliyyətində nəzərə alınmasının vacibliyi qeyd edilib.

Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov, dünya çempionatının medalçıları, Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hacıyev, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək təklif və fikirlərini bölüşüblər.

Tədbirdə qarşılıqlı fikir mübadiləsi aparılıb, veteranların rəy və tövsiyələri dinlənilib.

Görüş Azərbaycan güləşinin ənənələrinin qorunması, nəsillər arasında əlaqələrin gücləndirilməsi və veteranların idman ictimaiyyətində fəal iştirakının təşviqi məqsədi daşıyıb.

AGF veteranlarla əməkdaşlığın davam etdirilməsini, onların təcrübəsindən yararlanmağı və Azərbaycan güləşinin inkişafına yönələn təşəbbüslərini dəstəkləməyi planlaşdırır. Bu məqsədlə veteran güləşçilərlə belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.







Offside