- Offside
- 23:53 27.11.2026
Azərbaycan atçısı Aydın Əlibəyov Moskvada keçirilən beynəlxalq turnirdə uğurlu nəticələrə imza ataraq qalib adını qazanıb.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı “Vivat Rossiya” atçılıq mərkəzində dressaj üzrə təşkil olunan yarışlarda dörd cavan atla çıxış edib və bütün yarışlarda medal qazanıb.
Turnirin ilk günündə 4 yaşlı atlar arasında “Virakoça S” ilə 92 faiz nəticə göstərərək birinci, “Belle Fleur” ilə 84,4 faiz nəticə ilə üçüncü olub. 5 yaşlı atların mübarizəsində isə “Roxuş” 83,6 faiz göstərici ilə birinci, “Dancing Rose” 82,2 faiz nəticə ilə ikinci yeri tutub.
İkinci yarış günündə də Əlibəyovun yetirmələri yüksək nəticələr göstərib. “Virakoça S” 91 faizlə 4 yaşlı atlar arasında birinci, “Belle Fleur” 83,6 faizlə üçüncü olub. 5 yaşlı atların yarışında “Dancing Rose” 83,4 faizlə ikinci, “Roxuş” isə 81,6 faizlə üçüncü yeri tutub.
Beləliklə, iki günlük yarışın yekunlarına əsasən, Aydın Əlibəyov cavan atlar arasında həm fərdi yarışların, həm də mütləq mübarizənin qalibi olub.