28 noyabr 2026. Şənbə

Dövlət qurumları arasında minifutbol turnirinin açılış mərasimi keçirilib


  • Offside
  • 15:55 28.11.2026
  • Oxunma sayı: 43
Dövlət qurumları arasında minifutbol turnirinin açılış mərasimi keçirilib
GİN

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb, daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov turnirin artıq ənənə hal aldığını bildirib. İştirakçı qurumlara təşəkkür edən nazir yarışlarda mübarizənin gərgin keçdiyini, dövlət qurumlarının idmana marağının ildən-ilə artdığını vurğulayıb. O, belə tədbirlərin idmanın kütləviləşməsində mühüm rol oynadığını qeyd edib.

Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov də turnirin əhəmiyyətindən danışıb. O, ölkədə minifutbola göstərilən dövlət qayğısı, bu sahədə əldə olunan nailiyyətlər və dövlət qurumları arasında idman yarışlarının birliyin möhkəmlənməsinə verdiyi töhfəni diqqətə çatdırıb. Federasiya rəsmisi turnirdə bütün komandaların qələbəyə layiq olduğunu bildirib.

Tədbir çərçivəsində ötənilki yarışın yaddaqalan görüntüləri nümayiş olunub, daha sonra aykidoçuların və kapoeyraçıların nümunəvi çıxışları ilə bədii proqram təqdim edilib.

Qeyd edək ki, 40 dövlət qurumunun komandalarının iştirak etdiyi turnirdə AZƏRTAC-ın kollektivi də mübarizə aparır. Agentliyin komandası C qrupunda Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC, Dövlət Su Ehtiyatları Agentliyi, Milli Elmlər Akademiyası, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin komandaları ilə qarşılaşacaq.







Offside