- Offside
- 20:28 28.11.2026
Bərdədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məktəblilər arasında atletika üzrə rayon birinciliyi təşkil olunub.
Azərbaycan Atletika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış noyabrın 24-dən 27-dək Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman Sektoru və federasiyanın birgə təşkilatçılığı ilə keçirilib.
Birincilikdə 2011–2012 və 2013–2014-cü il təvəllüdlü məktəblilər yerindən uzunluğa tullanma və müxtəlif məsafələrə qaçış yarışlarında iştirak ediblər. Oğlanlar 100 və 200 metr, qızlar isə 60 və 100 metr məsafələrdə mübarizə aparıblar.
Yarışda 43 məktəbi təmsil edən 167 şagird qüvvəsini sınayıb. İştirakçılardan 100-ü oğlan, 67-si qız olub.
Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında atletikaya marağı artırmaq, perspektivli idmançıları üzə çıxarmaq və idmanın kütləviliyini təşviq etmək olub.