25 oktyabr 2024. Cümə

Güclənməyə 100 faiz ehtiyacımız var


Güclənməyə 100 faiz ehtiyacımız var

"Güclənməyə 100 faiz ehtiyacımız var. Bütün komandalara nisbətən bu, bizə daha çox lazımdır. Amma büdcəmizin imkan verdiyi qədər. Büdcədən də qırağa çıxmaq olmur."

Corner.az xəbər verir ki, bunu "Qəbələ" klubunun kapitanı Asif Məmmədov "Report"a müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik:

- Başa çatmaqda 2021-ci il sizin üçün nə ilə yadda qalıb?

- 2021/2022 mövsümü hələlik bizim üçün super keçir. Hətta demək olar ki, istədiyimizdən də yaxşı gedir. Komandada hər şey yaxşıdır və ən asası odur ki, mehribançılıq var. Turnir cədvəlindəki mövqeyimiz, nəticələrimiz - hər şey bizi qaner edir.

- Mövsümün ilk yarısını 26 xalla ikinci pillədə başa vurdunuz. Əvvəlcədən belə nəticənin qeydə alınacağını təxmin edirdinizmi?

- Xeyr. Desəm ki, ikinci yerdə olacağımızı fikirləşirdik, yalan olar. İstəyirdik ki, lap aşağı sıralarda qərarlaşmayaq. Ən azından ilk "4-lük"də yer almağı planlaşdırırdıq. Məqsədimiz də məhz bu idi. Çünki heyətimiz də yenidir. Keçən mövsümün sonunda göstərdik ki, biz də yaxşı oynaya bilərik. Həmin vaxt elə matçlar olub ki, əlimizə düşən imkanlardan istifadə edə bilməmişik. Bu il isə elə deyil. Sanki hər şey bu ilə qalmışdı. Düşünürəm ki, sərgilədiyimiz oyuna görə turnir cədvəlindəki pilləyə layiqik.

- 2022-ci ildən gözləntiləriniz nədir: "Qəbələ" mövsümü neçənci pillədə başa vura bilər və ölkə kubokunda hədəfləriniz nədən ibarət olacaq?

- Hər iki cəhbədə vuruşacağıq və əlimizdən gələni edəcəyik. Üzərimizə nə düşürsə, bizdən nə asılıdırsa, edəcəyik. Ondan o tərəfi Allah bilər. Biz ilk növbədə istəyərdik ki, çempionat fasiləyə görə dayanmasın, belə də davam etsin. Çünki formada olan kollektivik və hər dəqiqə belə formaya düşmək olmur. Kiçik büdcə və məhdud heyətlə belə oyun sərgiləmək bir az çətin olur. 2022-ci il haqqında heç nə deyə bilməyəcəyəm. Bunu zaman göstərəcək. Çalışacağıq ki, belə də davam edək?

- Sizcə, 2021-ci ildə Azərbaycan futbolu üçün ən önəmli hadisə nə idi?

- Bu il bizim üçün həm yaxşı, həm də pis nəticələr qeydə alındı. Yaxşı o idi ki, "Qarabağ" həmişəki kimi, avrokubokların qrup mərhələsinə vəsiqə qazandı, daha sonra isə pley-offa yüksəldi. İndiyədək hansısa komandamız qrupdan çıxmamışdı. Pis də o oldu ki, digər klublarımız Avropada zəif çıxış etdi. Həmçinin milli komanda da istənilən səviyyədə oynamadı və dünya çempionatının seçmə mərhələsini 1 xalla başa vurdu. Ümumi götürsək, 2021-ci il Azərbaycan futbolu üçün o qədər də yaxşı olmadı. "Qarabağ" hər zaman avrokuboklarda mübarizə aparır. Yeganə müsbət məqam komandamızın qrupdan çıxması idi. Gözə dəyən və yaxşı əlavə nə isə olmadı.

- "Qəbələ"nin daha yaxşı nəticələr qazanması üçün futbolçu baxımından güclənməyə ehtiyacı varmı?

- Güclənməyə 100 faiz ehtiyacımız var. Bütün komandalara nisbətən bu, bizə daha çox lazımdır. Amma büdcəmizin imkan verdiyi qədər. Büdcədən də qırağa çıxmaq olmur. Büdcə olsa, daha çox futbolçu alsaq, nəyə ziyanı olacaq? Bu gün 13-14 nəfərlə mübarizə aparırıq. Kimsə zədələnir, cəzalanır. Pandemiya vaxtıdır, bilmək olmur ki, hansı futbolçunun durumu necə olacaq. Pandemiya dövründə heyətin nə qədər geniş olsa, bir o qədər yaxşı olar. Güclənməyə çox ehtiyacımız var. Amma büdcəmiz buna imkan vermir.

- Lakin klub prezidenti Fariz Nəcəfov "Report"a müsahibəsində bildirib ki, heyətə cəmi bir oyunçu götürüləcək...

- "Qəbələ"dəki futbolçuların hamısının müqaviləsi var. İnanmıram ki, kimsə komandadan getsin. Yəqin ki, Fariz müəllim büdcəyə görə belə deyib. O, nəticələrdən də razıdır. Büdcəmiz imkan versə, daha çox oyunçu almaq olar. Amma hazırkı büdcəmiz 1-2 futbolçu transferinə imkan verir. Klub rəhbərliyinə də təşəkkür edirik ki, bu büdcə ilə Türkiyədə təlim-məşq toplanışımızı təşkil etdilər. Bakıda havalar həmin vaxt soyuq olacaq və səhv etmirəmsə, 8 klubun 6-sı Türkiyəyə yollanacaq. Kiçik büdcə ilə bir futbolçu alır və toplanışa gediriksə, hər şey yaxşı olacaq. Təki gələn futbolçu komandaya xeyir versin. Bir futbolçu alsaq da, olar.

- "Qəbələ" Avstriyanın “Admira Vakker” klubunda çıxış edən braziliyalı hücumçu Patrik Robson de Souza Monteyro ilə danışıqlar aparır. Kapitan olaraq onun necə futbolçu olduğu barədə maraqlanmısınız?

- Hazırda ayağımdan yüngül zədəm var. İstirahətim demək olar ki, bərpa mərkəzlərində keçir, başım öz ayağıma qarışıb. Lakin yenə də transfer fəaliyyətimizi izləyirəm. Həmin oyunçu ilə yay transfer dönəmində də maraqlanmışdıq. Amma bildiyim qədəri ilə oyunçu gəlməmişdi. Məşqçilər heyətimizə tanış futbolçudur. Baxıb bəyəniblərsə, yəqin ki, yaxşı olar. Çünki indiyədək gətirdiyimiz oyunçuların əksəriyyətində problem olmayıb. Məşqçilər onu seçibsə, biz heç nə deyə bilmərik.

- 2022-ci il Çin təqviminə görə Pələng ili hesab edilir. Siz də həmin ildənsiniz. Qarşıdakı ilin özünüz üçün düşərli olacağına inanırsınız?

- Mən belə şeylərə o qədər də inanmıram. Bəzən deyirlər ki, qabağına pişik və ya it çıxdısa, işin yaxşı getməyəcək. Belə şeylərə inanmım yoxdur. Allah bilən məsləhətdir. Yəqin ki, növbəti il yaxşı olar. Təki pələng ili düşərli olsun.

- Yeni ili necə qeyd edəcəksiniz: Hansısa planlarınız var?

- Həmişə plan var, amma bunlar heç vaxt həyata keçmir (gülür). Azərbaycanlı variantı, evdə ailə ilə qeyd edirik. Düzü, kefin kökdürsə, hər şey yaxşıdırsa, hər gün bayramdır. Uşaqlara və balacalara görə yolka bəzəyir, deyib-gülürük. Özümə qalsa, nə vaxt yeyib-içirsənsə, həmin gün bayramdır (gülür).

- Artıq 35 yaşınız var. Daha neçə il futbol oynamağı planlaşdırırsınız?

- Daha 10 il oynamaq istəyirəm (gülür). Bu sual mənə çox verilir. Meydanda çox qoca görsənirəm, çoxmu axsayıram?

- Sadacə, planlarınızı bilmək istəyirik...

- Hələlik bu barədə düşünmürəm. Zədə və ya hansısa problem olmasa, davam etmək niyyətindəyəm. Nə vaxt görsəm ki, meydanda komandama xeyir vermirəm, futbolla vidalaşacağam. İstəmərəm ki, mənim yerimə kimsə qaçsın. Meydanda axsadımsa, komandaya ziyan verdimsə, gedəcəyəm. Hələlik bunu özümdə görmürəm. Belə davam edəcəyim təqdirdə, 40 yaşımadək oynaya bilərəm.

- Karyeranızı bitirdikdən sonra məşqçi kimi faaliyyət göstərmək istəyirsiniz?

- Bəli. Bunun üzərində işləməyə artıq başlamışam. Futbolçu karyeramı bitirdikdən sonra, böyük ehtimalla, məşqçi kimi çalışacağam.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir