22 noyabr 2024. Cümə

"Narahat deyiləm, istənilən qərara hörmətlə yanaşacam" - Sənan Qurbanov


"Narahat deyiləm, istənilən qərara hörmətlə yanaşacam" - Sənan Qurbanov
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov qol.az-a müsahibə verib. Ötən gün ölkə kubokunun finalında "Sumqayıt"ı məğlub edib, komandaya ilk titulu qazandırması ilə bağlı təəssüratlarını bölüşən mütəxəssis gələcək planlardan da danışıb.

- Doğrudan da çox möhtəşəm an idi. Futbolçular həqiqətən xarakter göstərdilər. Titulun qazanılmasında böyük rol oynadılar. Bilirsiniz ki, bu, 4-cü finalımız idi. İclaslarımızda da danışmışdıq ki, bu qədər əziyyət çəkmişik, mövsümü mükəmməl notlarla bitirə bilərik, boynumuzdan qızıl medallar asılar, kuboku başımız üzərinə qaldırarıq. Şükürlər olsun, bu sevinci yaşadıq.

- Final fitindən sonra çox emosional idiniz. Hətta gözyaşlarınızı da saxlaya bilmədiniz...

- Çox ağır mövsüm keçirdik. Mən də olduqca ağır bir yükün altına girmişdim. Uzun illər "Qəbələ"də olmağıma baxmayaraq, baş məşqçi tam fərqli bir statusdur. Çox tənqidlər oldu, bu da normaldır. Hamısına normal yanaşırıq. Adımızı klubun tarixinə yazdırdığımız üçün özümüzü çox xoşbəxt hiss edirik. İlk titulu qazanmaq həm həyəcanlı, həm də gözəldir. Ona görə də gözyaşlarımı saxlaya bilmədim.

- Düzdür, rəhbərlik sizə inandığı üçün komandaya baş məşqçi təyin etdi. Ancaq özünüzün də dediyiniz kimi, kənardan tənqidlər oldu. Sizə inananlarla yanaşı, inanmayanlar da oldu. Bəs özünüz necə, mövsümün sonunda titul qazanacağınıza inanırdınızmı?

- Klub rəhbərliyi daim mənə dəstək olub, işimə qiymət veriblər. Bilirsiniz ki, adlı-sanlı məşqçilərlə çalışmışam. Onların rəyləri də mənim üçün maraqlı olub. Görürdülər ki, mən öz üzərimə düşən işi maksimum dərəcədə yerinə yetirməyə çalışmışam. Çalışdığım məşqçilərin istər fəlsəfəsi, istərsə də futbola baxışları mənim üçün böyük təcrübə idi. Həmişə onlara baxıb, nəsə öyrənməyə çalışmışam. Artıq mənim özümün futbola baxışım önəmlidir. Klub rəhbərliyi mövsümün əvvəlində mənə inandı. Kimlərinsə inanmamağına gəlincə, futbolda belə şeylər də olur. Əsas odur ki, insan özü özünə inansın. Uğursuzluqlar, yuxusuz gecələr olurdu. Ancaq mən hər zaman özümə inanmışam. İnam isə uğurun yarısıdır. Komandama da bunu aşılayırdım. Bəzən alınır, bəzən isə alınmırdı. Ötən illər mənim üçün böyük təcrübə olub. Daim inanmışam ki, uğur qazana bilərik.

- Sizdən əvvəl "Qəbələ" 4 dəfə finalda uduzmuşdu. Maraqlıdır ki, həmin illərdə şərtlər indikindən daha yaxşı idi və komandaya adlı-sanlı məşqçilər başçılıq edirdilər. Necə oldu ki, Syomin, Qriqorçuk kimi məşqçilərin bacarmadığını siz bacardınız? 

- Əvvəlki finallardakı uğursuzluqların səbəbini köməkçi məşqçi olaraq, özümdə qeyd etmişdim. Yəni, nəyin necə olduğunu yaşamışdım. Digər tərfdən, inam da var idi. Yarımfinalda "Qarabağ"ı keçəndən sonra dedim ki, kuboku qazanacağıq. Çünki futbolçularda artıq inam, birlik formalaşmışdı. Hətta məğlub olduğumuz oyunlarda da o inamı itirmədik. Bilirdim ki, bu cür davam etsək, nə vaxtsa nəticə qazanacağıq. Başda kapitanımız Cavid Hüseynov olmaqla, bütün komanda final oyununda çox istəkli idi. Ancaq danışmışdıq ki, bu istəyimiz oyunumuza təsir etməməlidir. Emosional olsaq da, futbol çərçivəsi qorunmalı idi. Həmin birlik bizə uğur gətirdi.

- Artıq mövsüm başa çatdı. Komandadakı gələcəyiniz artıq bilinirmi?

- Mənə hələ ki, heç bir şey deyilməyib. Neçə illərdir, "Qəbələ"dəyəm. Bunu həmişə vurğulamışam ki, bu komanda mənim üçün çox doğmadır. İstənilən qərara hörmətlə yanaşacağam. Ən geci sabah iclasımız olacaq. Yəqin ki, komandanın taleyinə də aydınlıq gələcək. Həmin anda mən də hansı mövqedə olacağımı biləcəyəm. Heç bir narahatçılığım yoxdur.

- Adeniyi səhhətindəki problemə görə final oyununu buraxdı. Xəstəliyi nə ilə bağlıdır?

- Ceyms son vaxtlar özünü yorğun hiss edirdi. Tibbi müayinədən sonra qaraciyərində xəstəlik aşkarlandı. Bir neçə gündür xəstaxanada yatır. Elə indi yanından gəlirəm. Artıq palataya köçürüblər. Müalicəsi davam edir. Şükürlər olsun ki, özünü yaxşı hiss edir. Tezliklə evə buraxılacaq. Komanda ilə müqaviləsi var. Yeni mövsümdə də bizimlə olacaq. Çox vacib oyunçudur.

- Cavid Hüseynov dünən müsahibəsində təklifləri olduğunu və komandada qalıb-qalmayacağını bilmədiyini deyib. Onu saxlamaq fikriniz varmı?

- Mən Cavidin komandada qalmasını istərdim. Həm meydanda, həm də kənarda çox böyük işlər görür. Mənim istəyim, onun getməməsidir. Amma futboldur, sabah nə qərar olacağını bilmirik. Üzdə olan futbolçudur. Təkliflərin gəlməsi normaldır. Yenə deyirəm, komandada qalmağını istəyirik. Ancaq necə olacağını zaman göstərəcək.

- Stiven Monrozun da müqaviləsi başa çatdı. Yəqin, onun komandada qalmayacağı artıq dəqiqdir...

- Böyük ehtimalla, gedəcək. Özü də etiraf edib. Monroza təşəkkür düşür. Bu mövsüm çox yaxşı oyunlarla yadda qaldı. Həqiqətən istedadlı futbolçudur. Artıq kollektivimizin bir üzvünə çevrilib. Bu il onu tam fərqli mövqedə gördük. Səmimiyəti ilə yanaşı, meydançada da can qoymağı ilə yadda qaldı. Belə bir futbolçunun getməyi bizim üçün ciddi itkidir. Futbolun bir tərəfində ayrılıq da var. Artıq ona öz təşəkkürümüzü bildirmişik.

- Hələ mövsümün gedişində albaniyalı yarımmüdafiəçi Sabien Lilayın da ayrılacağı gözlənilirdi. Onun məsələsi nə yerdədir?

- Bəli, onun da müqaviləsi başa çatıb. Kimlərlə yola davam edəcəyimiz barədə klub tərəfindən ətraflı məlumat veriləcək.

- Bəs hazırlıq planınız necə, müəyyənləşibmi?

- İki hazırlıq planımız var. Hər ikisi Avroliqaya hazırlığa hesablanıb. Klub rəhbərliyi ilə iclasdan dərhal sonra açıqlayacağıq. 







Misli Premyer liqa

"Kəpəz"in futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:59 21.11.2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
Yunis Hüseynov “Turan Tovuz”da
  • Misli Premyer liqa
  • 15:13 13.11.2024
Yunis Hüseynov “Turan Tovuz”da
Cavid Hüseynov rəsmən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:36 12.11.2024
Cavid Hüseynov rəsmən "Səbail"də
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 10:00 11.11.2024
Premyer Liqada 200-cü oyun
Son beş ildə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 09:57 11.11.2024
Son beş ildə 3-cü dəfə
35 turdan sonra
  • Misli Premyer liqa
  • 09:56 11.11.2024
35 turdan sonra