6 dekabr 2025. Şənbə

Futbolçular gümrah olmasalar da... - Ayxan Abbasov


Futbolçular gümrah olmasalar da... - Ayxan Abbasov
“Hazırlıq prosesi istədiyimiz gedir. İlk yoxlama oyunumuzu keçirdik. Futbolçular gümrah olmasalar da, bütün mübarizələrdən qalib çıxmağa çalışırdılar. Yaxşı çıxış etdik. Epizodlarımız da oldu, səhvlərimiz də var idi. Bu, bizə imkan verir ki, qarşıdakı oyunlarda onları aradan qaldıraq, bir də təkrarlamayaq”.
 
Corner.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Petrolul” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edərkən deyib.
 
O, 2:3 hesabı ilə uduzduqları görüşdən sonra həm oyunu, həm də hazırlıq prosesini dəyərləndirib: “Yoxlama oyunlarının nəticələri bizim üçün o dərəcədə də əhəmiyyətli deyil. Amma buna baxmayaraq, hər oyuna qalib gəlmək üçün çıxırıq. Daha iki yoxlama oyunumuz olacaq. Çalışacağıq ki, bütün futbolçularımızdan istifadə edək. Futbolçuları iş başında görməliyik ki, çempionat oyunlarında da ona görə qərarlar verək.
 
Qış fasiləsindən sonrakı hazırlıq önəmlidir. Çünki futbolçular istirahətdən sonra istər-istəməz ideal formalarından uzaq olurlar. Bura gəlməkdə əsas məqsədlərimizdən biri də elə odur ki, ağır məşqlərin fonunda futbolçuları yoxlama oyunlarında da sınaqdan keçirək, onların optimal formaya düşmələrinə nail olaq. İnanıram ki, bu toplanışın bəhrəsini mövsümün geridə qalan hissəsində, çempionat oyunlarında görəcəyik. Ayın 18-dək buradayıq. Çalışacağıq ki, bütün futbolçularımız ideal formalarına qayıtsınlar”.
 
Abbasov hələ tam heyətlə hazırlaşa bilməmələrinə də toxunub: “Natan Oduva, Runi Eva, Henri Okebuqvu düşərgəyə bu gün qoşulub. Onları gələn oyunda sınaqdan keçirməyə çalışacağıq. Cavid Tağıyev isə xəstələnib. Onun yoxluğunda bu gün hücum xəttində alternativimiz yox idi. Bu üzdən Ehtiram Şahverdiyevi ön xətdə sınaqdan keçirdik. Bu mövsüm zədəlilərimiz çox oldu. Mövsümün qalan hissəsində də belə aqibətlə üzləşə bilərik. Bu üzdən bəzi futbolçuları fərqli mövqelərdə oynatmaq məcburiyyətində qala bilərik. Necə ki, bu gün Eltun Turabov, Xəyal Nəcəfov, Ayxan Hüseynov kimi futbolçuları iki mövqedə sınaqdan keçirdik. Yoldaşlıq oyunları bizə belə eksperimentlər aparmağa imkan verir. Belə olan halda, çempionatda nə vaxta belə situasiya ilə üzləşsək, çətinlik çəkmərik”.






Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu