- Misli Premyer liqa
- 14:59 21.11.2024
“Qarabağ” Azərbaycan Premyer Liqasının 15-ci turunda öz meydanında “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.
90deqiqe.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Futbolçularımı təbrik edirəm. Vacib xal qazandıq. Qələbə üçün çox əziyyət çəkdilər. Hesab bizi aldada bilər. Oyun istədiyimiz kimi alınmadı. Maraqlı oyun oldu. 3 qol oldu. Azarkeşlər baxımlı oyun izlədi. "Qəbələ"yə uğurlar arzu edirəm. Son oyunlarda da yaxşı çıxış etdilər. Sona qədər mübarizə apardılar. İki il öncə də Juninyo ilə maraqlanmışdıq. Sadəcə alınmamışdı. Amma o vaxtlarda oyununu izləyirdik. Əlimizdə imkan düşdü və bundan maksimum yararlana bildik. Son vaxtlar formadadır. Amma tam razı deyiləm. Ondan daha yaxşısını görmək istəyirik. Üzərində işləməlidir. Kollektivə uyğunlaşıb. Nəticə baxımından razı ola bilərəm, amma hələ də tam istədiyim formada deyil. Hər şey yaxşıya doğru gedir. Daha yaxşı olacaq. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyinə inanıram. Sıx qrafik olanda bu bir az oyunçuları arxayınlaşdıra bilər. Sıx qrafiki nəzərə alaraq, məşqçilər olaraq daha diqqətli olmalıyıq ki, arxayınlıq baş verməsin. Qarşıda heç də asan oyunlarımız yoxdur. Çox vacib qrafiklə giririk. Bu gün oyunun gedişatında gördüm arxayınlığı. İnsan uğur əldə etdikdə, arxayınlaşma olur. Rəqiblər bunu bağışlamır. Amma oyunun gedişində özlərini ələ ala bildilər. Məni ən çox narahat edən məqam bu və zədələrdir. Kevin Medinanın zədəsi gərgin oyunlarda, daim oynaması ilə bağlıdır. Süni örtükdəki o epizod bəlkə normal ot meydanda olsaydı, daha rahat qəbul edərdi epizodu. Düzdür, qeyri-adi hərəkət oldu. Amma ot örtüyündə topu daha rahat qəbul edərdi. Bəzən elə şeylər var ki, bizdən asılı olmur. Medinaya görə yox, ümumiyyətlə dəyişiklik etmək istəyirik. Ola bilər ki, yeni mərkəz müdafiəçisi cəlb edək komandaya. 5-6 mərkəz müdafiəçimiz olsa da, bəzən 2 mərkəz müdafiəçisi ilə də qalırıq. Ona görə belə fikrimiz var. O demək deyil ki, indikilərə güvənmirəm. İş prinsiplərimiz bunu tələb edir ki, mövqelərdə sağlam oyunçular olsun. Hələ ki, heç bir futbolçunun komandadan gedişi gözlənilmir”.