- Misli Premyer liqa
- 14:59 21.11.2024
"Məqsədim "Neftçi"yə əlimdən gələn qədər kömək etməkdir. Bunun üçün çalışıram".
90deqiqe.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Lukas Melano mətbuat konfransında deyib.
Argentinalı hücumçu özünün və komandadakı digər forvardların çıxışından razı olmadığını bildirib: “Qol vurmaqda çətinlik çəkirik. Hazırda adaptasiya dövrü keçirəm. Yalnız son oyunlarda şans qazanmağa başlamışam”.
30 yaşlı oyunçu "Neftçi"yə gəlməmişdən əvvəl Avropa ölkələrindən təkliflər aldığını söyləyib: "İspaniya və İtaliya klublarından təklif var idi. Lakin bəzi məsələlərdə anlaşa bilmədiyimiz üçün ABŞ-da qalmalı oldum. Daha sonra "Neftçi"dən təklif gəldi və razılaşdıq".
O, Azərbaycana gələnədək Premyer Liqa haqqında elə də çox məlumata sahib olmadığını vurğulayıb: "Ölkəniz yox, çempionatınız barədə az bilgim var idi. Çünki burada bəzi həmyerlilərim oynayıb. Azərbaycan mədəniyyətini də sevməyə başlamışam. Buradakı insanlar çox qonaqpərvərdirlər. Yeməklərinizdən dolmanı bəyənirəm".
Komandasının Premyer Liqadakı hədəflərindən də söz açan L. Melano əsas rəqibləri olan "Qarabağ"la xal fərqini azaltmağa çalışacaqlarını əlavə edib: "Bu komanda ilə oyuna hələ iki həftə vaxt var. Düzdür, onlarla aramızdakı xal fərqi çoxdur. Ancaq bu, futboldur. Digər rəqiblərə qalib gələrək, Ağdam təmsilçisi ilə fərqi aradan qaldırmaq istəyirik”.
Təcrübəli futbolçu “Qarabağ”ın isveçli sabiq hücumçusu Samuel Armenterosla yaxın dost olduqlarını deyib: “Onunla çox yaxşı münasibətimiz var. Tez-tez danışırıq. Zəngin karyerası olub”.
Ötən həftə mətbuat konfransında iştirak edən Rəhman Hacıyevin həmin tədbirdən sonra meydana çıxdığı ilk oyunda qol vurmasına da toxunan forvard bu ənənəni davam etdirmək istədiyini bildirib.
Sonda azarkeşlərə səslənən L. Melano daha yaxşısını etmək və komandanı layiq olduğu yerə qaldırmaq niyyətində olduqlarını diqqətə çatdırıb.