- Misli Premyer liqa
- 14:59 21.11.2024
Misli Premyer Liqasına qeyri-stabil çıxışı ilə diqqət çəkən “Neftçi” 24-cü turun hazırlıqlarını davam etdirir. 2 məğlubiyyətin ardınca son oyunda “Zirə” üzərində qazanılan minimalhesablı qələbə komandada özünəinamı artırıb. “Ağ-qaralar” həftəsonu “Turan Tovuz” səfərinə yollanacaqlar.
90deqiqe.az xəbər verir ki, "Neftçi" klubunun çalışdırıcısı Miodraq Bojoviç oyundan gözləntilərini bölüşüb:
“Oyunçularımızın fiziki cəhətdən hazır olduğunu demək olmaz. Çox sayda zədəli futbolçularımız var idi. Həmçinin 28 gün ərzində 7 oyun keçirdik. Belə çıxır ki, hər 4 gündən bir matçımız olub. Belə müddətlər ərzində futbolçuların bərpa olması mümkün deyil. Hazırda, demək olar ki, bütün futbolçular sağlamdır. Lakin furbolçular zədədən qayıtdıqdan sonra fiziki cəhətdən matçlara hazır olmurlar. Zədədən əvvəlki oyun səviyyəsinə qayıtmaq üçün vaxt lazımdır. Ümid edirəm ki, bir müddət sonra vəziyyət xeyli yaxşı olacaq. Komandanın məsuldarlığını qaldırmaq üzərində işləyirik. Çox qol vuran oyunçuların qiyməti çox bahadır. Odur ki, əlimizdə olan futbolçuların ustalıq səviyyəsinə güvənirik".
Bojoviç komandasının ölkə kubokundakı şanslarını da dəyərləndirib :
"Bilirsiniz, futbolda hər şey mümkündür. Xüsusən də, kubokda. Çünki kubok yarışlarındakı mübarizə fərqli xarakterə malikdir. Orada cütün taleyi iki oyunda həllini tapır və əvvəlcədən hansı nəticənin olduğunu proqnoz vermək mümkün deyil. Anlayıram ki, “Qarabağ” çox qəliz rəqibdir və onlar UEFA Avropa Liqasında da çox yaxşı çıxış edirlər. Ancaq yenə də qalib gələcəyimizə ümidvaram”.
Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu fevralın 24-ü saat 15-də start götürəcək.