- Misli Premyer liqa
- 14:59 21.11.2024
Fevral 23-də Misli Premyer Liqasında XXIV tura start veriləcək. 3 günü əhatə edəcək qarşılaşmalardan 2-si əyalətdə, 3-ü isə paytaxtda oynanılacaq.
90deqiqe.az xəbər verir ki, turun açılış matçında çempionatın autsayderləri “Kəpəz” və “Qəbələ” üz-üzə gələcək. Bu, tərəflərin mövsümdə 3-cü dueli olacaq. Buna kimi Misli Premyer Liqasında keçirilən oyunların birində Qəbələ təmsilçisi qalib gəlibsə, digərində isə “Kəpəz” 3 xalı 3 qolla aktivinə yazmağı bacarıb. GƏncə klubu iki turdur uduzur. “Qəbələ” isə 4 matçdır qalib gəlmir. Elmar Baxşıyevin komandası üçün yeganə müsbət məqam ötən turda “Qarabağ”la oyunun rəqibin UEFA AVropa Liqasındakı çıxışı ilə əlaqədar təxirə salınması olub. Bir matç az keçirən və istirahət etmək imkanı olan “Qəbələ” qalib gələcəyi təqdirdə rəqibi ilə xal fərqini azaldacaq. Bunun əksi baş verərsə, fərq 8-ə çatacaq ki, onu aradan qaldırmaq asan olmayacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç fevralın 23-ü saat 17-də start götürəcək.
İkinci oyun günündə əvvəlcə “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Qərb təmsilçisi evdə keçirdiyi son 4 matçda qalib gəlib. “Ağ-qaralar” isə səfərdə son qələbəni Noyabrın 5-i “Qəbələ” ilə matçda əldə ediblər. Bu müddətdə keçirilən 4 görüşdə onlar yalnız bir xal qazanıblar. Ancaq onu da qeyd etməliyik ki, Ayxan Abbasovun yetirmələri bu mövsüm hər iki oyunda “Neftçi”yə məğlub olub. Qəbələ şəhər stadionunda keçiriləcək matçın start fiti saat 15-də səsləndiriləcək.
Günün digər matçında qonşu pillərdə qərarlaşan iki komanda qarşılaşacaq. Belə ki “Sabah” “Səbail”in qonağı olacaq. Ötən turu qalibiyyətlə başa vuran hər iki komanda bu dəfə çempionatdakı mövqelərini yaxşılaşdırmaq üçün mübarizə aparacaq. İqor Ponomaryov komandanı meydana çıxarandan bəri “Sabah” məğlub olmur. Şahin Diniyevin yetirmələri isə rəqiblə mövsümdəki görüşlərdən yalnız bir xalla ayrılıb. “ASCO Arena”da keçiriləcək görüşün başlama vaxtı saat 17:30-a təyin olunub.
Fevralın 25-də daha iki matç keçiriləcək. İlk olaraq azarkeşlər “Araz-Naxçıvan” – “Zirə” qarşılaşmasını izləyəcəklər. Hər iki klubun son zamanlar işləri qaydasında getmir. Muxtar Respublika təmsilçisi ikinci yarıya zəif start versə də, son 2 turda 4 xal toplayıb. “Zirə”nin vəziyyəti isə daha pisdir. 10 oyundur qalib gəlməyən Rəşad Sadıqovun kollektivi bu müddətdə yalnız bir qol vurmağı bacarıb. Daha bir uğursuzluq onların 8-ci pilləyə qədər enməsinə səbəb ola bilər. “Dalğa Arena”da təşkil olunacaq görüş saat 16:30-da start götürəcək.
Turun bağlanış oyununda isə lider “Qarabağ” ən yaxın izləyicisi “Sumqayıt”ı qəbul edəcək. “Kimyaçılar” ötən ilin dekabrında “Qarabağ”a 1:6 uduzduqdan sonra məğlubiyyət üzü görməyib. Bu müddətdə keçirilən 7 oyundan 3-də qalib gələn və 4-də heç-heçə edən Samir Abasovun komandası yalnız 3 qol buraxıb. Əsas diqqəti avrokuboklara yönəldən “Qarabağ” da uğurlu seriyaya malikdir. Ağdam təmsilçisi 11 oyundur ki, məğlub olmur. Yalnız ötən turda “Sabah”la görüşdə heç-heçə qeydə alınıb. Bu mövsüm iki görüşdə “Sumqayıt”I böyükhesablı məğlubiyyətə düçar edən və rəqib qapısından 11 top keçirən “Qarabağ” qalib gələrsə, 2-ci pillə ilə xal fərqini artırcaq. Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüş saat 19-da start götürəcək.
MİSLİ PREMYER LİQASI
23 FEVRAL
17:00. KƏPƏZ – QƏBƏLƏ
QƏBƏLƏ ŞƏHƏR STADİONU
24 FEVRAL
15:00. TURAN TOVUZ – NEFTÇİ
TOVUZ ŞƏHƏR STADİONU
17:30. SƏBAİL – SABAH
ASCO ARENA
25 FEVRAL
16:30. ARAZ-NAXÇIVAN – ZİRƏ
DALĞA ARENA
19:00. QARABAĞ – SUMQAYIT
TOFİQ BƏHRAMOV ADINA RESPUBLİKA STADİONU