- Misli Premyer liqa
- 14:59 21.11.2024
Misli Premyer Liqasının 23-cü turundan təxirə salınan oyununda autsayder “Qəbələ” lider “Qarabağ”la üz-üzə gələcək. Vacib qarşılaşma öncəsi bölgə təmsilçisində baş məşqçi Elmar Baxşıyevi Kaxaber Tsxadadze əvəzlədi.
Bir neçə gün öncə Misli Premyer Liqasında cari mövsümün gedişində 4-cü məşqçi istefası reallaşdı. Uğursuz çıxışı ilə diqqət çəkən “Qəbələ” klubunun rəhbərliyi Elmar Baxşıyevlə yolları ayırdı. Vakant posta isə vaxtilə Azərbaycanda işləmiş gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze gətirildi. Biz isə son iki mövsümdə Misli Premyer Liqasında reallaşan baş məşqçi dəyişikliklərini bir daha xatırlayaq. Başlayaq "Sumqayıt"dan.
Bu mövsüm üst pillələr uğrunda mübarizə aparan “Sumqayıt”ın ötən ilin əvvəllərindəki durumuna qayıtsaq, komandada baş məşqçi postunda Aleksey Baqa idi. 2021-22-ci illər mövsümünün ikinci yarısında komandanın başına keçən belaruslu mütəxəssis burada 23-matça çıxıb. Xüsusilə də, 2022-23 mövsümündə “kimyaçılar”la uğursuz başlanğıca imza atan Baqa postunda qısa müddət senytabrın 21-nə qədər, yəni yeni mövsümdə təxmini 1 ay postunda qala bildi.
Bunun səbəbi isə qeyri-məhsuldar oyunlar və komandanın son sırada qərarlaşması idi. Onun gedişindən sonra “Sumqayıt” rəhbərliyi yenidən Samir Abasova güvəndi. Belə ki, 46 yaşlı mütəxəssis son olaraq “kimyaçılar”dan 2018-19 mövsümündə ayrılmışdı. Həmçinin onun rəhbərliyi altında “Neftçi”nin çempion olması “Sumqayıt” rəhbərliyini bu qərarı verməyə daha da sövq edirdi. Gözlənilən oldu və onun gəlişi komandaya müsbət təsirini göstərdi. 46 yaşlı çalışdırıcı komandanı elitada saxlamağı bacararaq yay transfer dönəmində də komandanı xeyli gücləndirdi. Hazırda “Sumqayıt” 24 oyundan sonra turnir cədvəlində “Neftçi” ilə 2-3-cü sıraları bölüşür ki, bu da komandanın avrokuboklarda oynamaq üçün iddialı olduğunu deməyə əsas verir. Lakin “Gənclik şəhəri” təmsilçisinin mövsümün sonuna kimi mövqeyini qoruya bilib-bilməyəcəyini zaman göstərəcək.
Samir Abasovun sabiq iş yeri “Neftçi” də baş məşqçi dəyişikliyindən yan qaça bilməyib. Ötən mövsüm Laureintsiu Regekamfın başçılığı altında komanda Misli Premyer Liqasını 3-cü sırada tamamladı ki, bu da nə rəhbərliyin, nə də futbolçuların ürəyincə deyildi. Hətta təltif olunma zamanı komanda üvzlərinin medalları boyunlarından üzərlərindən çıxarması da, bunun əyani göstəricisi idi. Mövsüm bitdikdən sonra rumıniyalı mütəxəssisi onun həmyerlisi – karyerası ərzində bir sıra məşhur klubların formasını geyən Adrian Mutu əvəzlədi. Mutunun gəlişi komandanın UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”la matçına təsadüf etdi. “Ağ-qaralar” iki oyunun nəticəsinə əsasən 4-2 hesabı ilə qalib gələrək mərhələ adlamağı bacardı. Lakin çempionatda vəziyyət dəyişməz qaldı. Xüsusilə də, 2023-24 mövsümünün açılış qarşılaşmasında “ağ-qaralar”ın səfərdə “Kəpəz”ə minimal hesabla uduzması sanki rumıniyalı baş məşqçinin uğursuz olacağının carçısı idi. Cəmi 5 ay paytaxt klubunun çalışdırıcısı olan Mutunu monteneqrolu Miodraq Bojoviç əvəzlədi. Yeni çalışdırıcının gəlişi komandaya sanki yeni nəfəs gətirdi. Bojoviçin rəhbərliyi altında ölkə kubokunun yarımfinalına yüksələn “Neftçi” Premyer Liqada 36 xalla “Sumqayıt”la 2-3-cü sıraları bölüşür.
“Səbail”də Mahmud Qurbanov dönəmini qısaca uğursuzluq kimi dəyərləndirmək olar. Futbolçu kimi “professor” ləqəbi ilə tanınan Qurbanov bu istedadını “Səbail”də büruzə verə bilmədi. 2022/2023 mövsümünün ilk yarısında komandanın uğursuz çıxışı nə “Professor”un, nə də klub rəhbərliyinin ürəyincə deyildi. Nəticədə 2022-ci ilin dekabrında komandanı tərk edən 50 yaşlı çalışdırıcını Azərbaycan futbolunun təcrübəli mütəxəssislərindən olan Şahin Diniyev əvəzlədi. Onun rəhbərliyi altında komanda çətin də olsa, ötən mövsüm “Şamaxı” ilə son turadək davam edən mübarizədən qalib çıxdı və komandanı elitada saxlamağı bacardı. Bu mövsüm onun rəhbərliyi altında kifayət qədər yaxşı təsir bağışlayan “dənizçilər” hazırda Misli Premyer Liqasında 34 xalla 5-cidir və onları 2-ci pillədən 2 xal ayırır.
Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”də ötən mövsüm Tərlan Əhmədov dönəmi oldu. Onun sayəsində Gəncə təmsilçisi liqada qalmağı bacarsa da, mövsümün sonunda təcrübəli baş məşqçi ilə gözlənilmədən yollar ayrıldı. Gəncəlilər yeni mövsümdə Azər Məmmədova güvənərək ona ümid bəslədilər. Xüsusilə də, 2023/2024 mövsümünə “Neftçi” üzərində qələbə ilə start vermək həm azarkeşlər, həm də idman mediasında müsbət fikirlər formalaşdırdı. Lakin bunun davamı gəlmədi və Azər Məmmədovla mövsümün ilk yarısının ortalarında yollar ayrıldı. “Kəpəz”in sükanı isə Adil Şükürova tapşırıldı. Hazırda Şükürovun çalışdırdığı komanda 23 xalla 9-cu pillədədir və onları son sırada olan ”Qəbələ”dən 8 xal ayırır.
Ötən mövsüm kifayət qədər uğurlu çıxış edən “Sabah”ın bu il üst pillələrdən uzaq qalması da maraqlı məqamlardan biridir. Alkesey Kaşuk, Coy Lens Mikels, Abdullaye Ba kimi futbolçuların komandadan gedişi paytaxt klubuna ciddi şəkildə təsir etdi. Yeni transferlər belə bu halda komandaya kömək edə bilmədi. Bu səbəbdən artıq Murad Musayev komandanı özünə gətirə bilməyəcəyini anladı və “bayquşlar”ın baş məşqçi postunu tərk etdi. Hazırda İqor Ponomaryovun məşqçiliyi altında çıxış edən klub 31 xalla “Turan Tovuz” və “Araz-Naxçıvan”la 6-8-ci sıraları bölüşür.