- Misli Premyer liqa
- 14:59 21.11.2024
“Daha bir möhtəşəm mövsümə şahid olduq. Azərbaycan xalqı, bütün dünya Avropada mükəmməl bir “Qarabağ” izlədi”.
90deqiqe.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.
Funksioner Ağdam təmsilçisinin bu mövsüm avrokuboklar və ölkə çempionatındakı çıxışını dəyərləndirib: “Ardıcıl 10-cu dəfə avrokubokların qrupunda mübarizə aparan komandamız pley-offda Portuqaliyanın tanınmış “Braqa” klubunu məğlub etdi, Avropada heç kimə uduzmayan “Bayer”in seriyasını qırmağa yaxın oldu. Almaniya təmsilçisinin baş məşqçisi və futbolçuları komandamızla qarşılaşmaların çox çətin keçdiyini dəfələrlə vurğuladılar. Bu uğurların ardınca “Qarabağ” Premyer Liqada ardıcıl 3-cü, tarixində 11-ci çempionluğunu qazandı. Sabah komandamıza növbəti qızıl medallar təqdim olunacaq. Vacib, təxirəsalınmaz işlərimlə bağlı mükafatlandırma mərasimində iştirak edə bilməyəcəyəm. Amma ürəyim komandamızın yanında olacaq. Bu dəfə qızıl medalları sona 8 tur qalmış təmin etdik ki, bu da yeni rekord oldu. Hətta Avropada, dünyada belə erkən çempionluq tituluna yiyələnən komandalar çox az olub”.
O, uğurların heç də asanlıqla əldə edilmədiyini söyləyib: “Hər komanda bizdən xal almağa çalışır. “Qarabağ” Avropada tarix yazdıqca, Azərbaycan çempionatında hər komandanın bizə qarşı motivasiyası artır. Bu da bizi sevindirir. Yerli klubların bizə rəqabət yaratmağa çalışması “Qarabağ”ı Avropaya daha yaxşı hazırlayır və çempionatın səviyyəsinin qalxmasına təkan verir. Heç kim düşünməsin ki, Premyer Liqadakı rəqiblərimiz zəifdir. Əksinə, güclüdürlər, amma onların qarşısında daha da güclü, Avropa təcrübəsinə malik "Qarabağ" var. Bütün bu uğurlar bizim "Qarabağ"da yaratdığımız birlik ruhunun nəticəsidir. Klubun rəhbərliyindən, baş məşqçisindən sıravi işçisinə kimi hamının arasında böyük mənəvi birlik var. Rekord sayda - 11-ci çempionluq münasibətilə başda məşqçilər heyəti olmaqla, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.
Klub prezidenti növbəti hədəflərə də toxunub: “Əldə olunan nəticələr “Qarabağ”ın dünya və Avropa reytinqlərində yüksəlməsinə də əsas verib. Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının dünya reytinqində 48-ci yerdədir ki, on minlərlə klub bu siyahida yer almaq üçün mübarizə aparır. Çempionluq kubokunu doğma “Azersun Arena”da aldıqdan sonra bizi Azərbaycan Kuboku uğrunda final qarşılaşması gözləyir. Həmin oyunda iştirak edəcəyəm. Görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Zirə” çox güclü komandadır və Rəşad Sadıqov mükəmməl heyət formalaşdırıb. Amma biz də daha bir titul qazanmağa, mövsümü “Qızıl dubl”la tamamlanmağa çalışacağıq. Ardınca isə yeni mövsümə böyük motivasiya, ümid və inamla hazırlaşacağıq. Titulumuzu növbəti dəfə qorumaq, Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq”.
İllərdir Qarabağ adını Avropada qürurla daşıdıqlarını söyləyən T. Gözəl əlavə edib: “Artıq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində azad Qarabağı təmsil edirik. “Qarabağ” adının, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını anlayırıq və bilirik ki, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada layiqincə təmsil etməliyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir və komandamıza inamım sonsuzdur”.