- Misli Premyer liqa
- 16:34 10.10.2024
“Neftçi” komandasının ev oyunlarını keçirdiyi “Neftçi Arena” müvəqqəti olaraq təmirə bağlanır.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, bir müddət öncə renovasiya işlərinə start verilmiş meydanın son durumu yenidən araşdırılıb və arenanın ot örtüyünün hazırda oyunları qəbul etməyə tam hazır olmadığı məlum olub.
Bildirilib ki, ötən mövsümün sonunda stadionun ot örtüyünün dəyişdirilməsinə qərar verilsə, bu istiqamətdə aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılsa da, iyun-iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən qazonunun keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yaranıb.
Mövcud vəziyyəti, komandanın topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubunu, futbolçuların zədə riskini nəzərə alan “Neftçi” rəhbərliyi arenanın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib. Bununla əlaqədar klub tərəfindın Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin Azərbaycan Premyer Liqasının VII turunda “Qarabağ”la keçirəcək ev oyununa kimi tamamlanması nəzərdə tutulub.
Bu səbəbdən tərəflərin razılığına əsasən, “Neftçi”nin ölkə çempionatının III turunda, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da təşkil olunacaq. Digər razılaşmaya görə, Peşəkar Futbol Liqasının təsdiqi əsasında “Şamaxı” ilə ev matçlarının yeri dəyişdirilib. V turda keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq. İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq.