- Misli Premyer liqa
- 18:49 05.02.2026
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXI turunda “Neftçi” ilə keçiriləcək oyunun təxirə salınmamasında ciddi problem görmədiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib. O, sosial şəbəkələrdə mövzunun müzakirə olunmasına da münasibət bildirib:
“Sosial şəbəkələrdə yoxam. Amma hər hadisəyə normal yanaşıram. Bu, kimisə haqlı və ya haqsız çıxarmaq üçün mövzu deyil. Peşəkar Futbol Liqasına “Neftçi” ilə oyunun təxirə salınması ilə bağlı müraciət etmişdik. Həmin vaxt rəqib “Neftçi” də ola bilərdi, başqa komanda da. Biz bu addımı atdıq, çünki bu məsələ PFL-in reqlamentində var. Amma oyun təxirə salınmadı. Burada ciddi problem görmürəm. Onların da öz oyun qrafiki və hazırlıq planları var, bunu anlayıram. Daha əvvəl təxirə salınan və ya vaxtı dəyişdirilən oyunlar olub. Bu dəfə olmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünüb oyunlara hazırlaşmalıyıq”.
Q.Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı”ya qarşı keçirilən və 1:2 hesabı ilə uduzduqları ilk oyunu da dəyərləndirib:
“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Çətin hava şəraitinə baxmayaraq, bizi tək qoymadılar. Kubokda ilk matçımız idi və bizim üçün ciddi nəticə oldu. Cavab görüşünə daha məsuliyyətlə hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar”.
Qeyd edək ki, “Neftçi” klubu “Qarabağ”la çempionat matçının təxirə salınmasına razılıq verməyib.