- Misli Premyer liqa
- 19:00 14.02.2026
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "İmişli" ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən 1:0 hesablı qələbədən sonra narazılığını dilə gətirib.
90deqiqe.Az-ın məlumata görə, Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də Bakıda "Nyukasl" ilə keçiriləcək oyuna hazırlaşmaqla bağlı çətinliklər yaşadıqlarını bildirib:
"Meydan yox kimi idi. Anlamıram, belə meydanda futbol oynamağa necə icazə verilə bilər? Belə meydanda neçə oyun keçiriblər. Çox danışanda, irad bildirəndə bunu yaxşı qarşılamırlar. Amma bu meydanın durumundan xəbərdar olmaq üçün nə mənim, nə də başqa məşqçinin açıqlamasına ehtiyac var. Belə olmaz, futbolçular zədələnə bilər. Dərindən düşünsək hər şey üçün çıxış yolu tapmaq olar. 'Nyukasl'la oyuna hazırlaşırıq. Amma nə temp, nə də normal meydan var. Futbolçuların zədə alacağından qorxursan. Belə vəziyyətdən sonra 'Nyukasl'la oyuna necə hazırlaşmaq olar? 3-4 gün futbolçuları bərpa etmək lazımdır. Müzakirə olunmalı mövzudur. Düşünürəm ki, təkcə biz yox, burada oynayan bütün komandalar, futbolçular, məşqçilər də şikayət edir. Futboldan başqa hər şey vardı."
Baş məşqçi qapıçı Mateuş Koxalskinin meydana çıxmamasının səbəbini də açıqlayıb:
"Koxalski dünən məşqdə zədələndi. Zədəsinin vəziyyəti barədə Bakıya qayıdandan sonra sabah biləcəyik. Həmçinin Leandro Andradenin də zədəsi var idi. Meydan elə vəziyyətdədir ki, futbolçunun hansı şəkildə zədələndiyini bilmək olmur. Sanki hokkey meydanında oynayırıq. Futbolçular sürüşürdü, topu itirirdilər. Hakimlər də AFFA-ya bildirməlidirlər ki, belə meydanda oyun keçirmək olmaz. Görək sabah nələr olacaq."
Qurbanov həmçinin komandasını və azarkeşləri tərifləyib:
"Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə əldə etdilər. Azarkeşlərimizə də təşəkkür edirəm ki, əziyyət çəkib stadiona gəlmişdilər. Qubalılara da təşəkkür edirəm ki, komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. 'İmişli' komandasına uğurlar arzulayıram."