- Misli Premyer liqa
- 21:00 21.04.2026
Azərbaycan futbolunda intizam qaydalarının pozulması ilə bağlı növbəti qərarlar açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, “Neftçi” klubu AFFA İntizam Komitəsinin qərarına əsasən ümumilikdə 26 200 manat cərimələnib. Buna səbəb Misli Premyer Liqasının XXVIII turunda “Zirə” ilə keçirilmiş oyunda baş verən intizam pozuntuları olub.
Qarşılaşmada “ağ-qaralar”ın beş futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Oyunun son dəqiqələrində baş verən hadisələr isə daha ağır sanksiyalarla nəticələnib.
Komandanın baş məşqçisi Yuri Vernidub 90+8-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 1 oyunluq cəzalanıb, klub isə əlavə 5000 manat ödəyəcək.
Eyni aqibəti məşqçinin köməkçisi Dmitro Kara Mustafa də yaşayıb. O da 1 matçlıq cəza alıb və “Neftçi” daha 5000 manat cərimə olunub.
Futbolçu Breno Almeyda 90+5-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. O, növbəti oyunu buraxacaq, klub isə buna görə 3000 manat ödəməlidir.
Bundan əlavə, azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi klub üçün ciddi maliyyə itkisi ilə nəticələnib. Cari mövsümdə bu hal yeddinci dəfə təkrarlandığı üçün “Neftçi” 8000 manat cərimələnib. Azarkeşlərin meydana kənar əşyalar atması isə daha 4500 manatlıq cəriməyə səbəb olub.
Qərarda “Zirə” ilə bağlı da sanksiyalar yer alıb. Komandanın beş üzvü sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. Köməkçi məşqçi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə alıb, 1 oyunluq cəzalanıb və klub 2000 manat ödəyəcək.
Matçdan sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulması da diqqətdən kənarda qalmayıb. Bu səbəbdən “Zirə” 3000 manat cərimələnib və dəymiş zərərin ödənilməsi də klubun üzərinə qoyulub.