- Misli Premyer liqa
- 21:00 21.04.2026
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının növbəti turunda baş verən intizam pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, “Qarabağ” və “Sabah” komandaları azarkeşlərin davranışına görə cəzalandırılıb. XXVIII turun mərkəzi oyunu olan “Qarabağ” – “Sabah” matçından sonra hər iki klubun azarkeş sektorundan meydana kənar şəxslərin daxil olması qeydə alınıb. Cari mövsümdə bu hal ikinci dəfə təkrarlandığı üçün hər iki klub 5000 manat cərimə olunub.
Bundan əlavə, “Sabah” daha bir neçə cəza ilə üzləşib. Komandanın altı futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Oyunda ciddi qayda pozuntusuna yol verən Abdulla Xaybullayev birbaşa qırmızı vərəqə alaraq 2 oyunluq diskvalifikasiya olunub. Bu epizoda görə paytaxt təmsilçisi əlavə 1000 manat ödəyəcək.
“Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşmasında da oxşar hal yaşanıb. Meydana kənar şəxslərin daxil olması cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün ev sahibi komanda 5000 manat cərimələnib. Qonaq komandanın beş futbolçusu sarı vərəqə gördüyünə görə “Turan Tovuz” 700 manat ziyana düşüb.
“Karvan-Yevlax” – “Şamaxı” oyununda təşkilati-texniki tələblərin pozulması diqqətdən yayınmayıb. Mətbuat konfransı otağının düzgün təşkil edilməməsinə görə Yevlax təmsilçisi 1000 manat cərimə olunub.
“Kəpəz” – “İmişli” matçında isə Gəncə klubunun dörd üzvü sarı vərəqə aldığı üçün “Kəpəz” 700 manat cərimə edilib.