- Misli Premyer liqa
- 19:08 12.05.2026
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalı öncəsi iddialı açıqlamalar verib.
90deqiqe.Az xəbər verir ki, litvalı mütəxəssis “Zirə”yə qarşı keçirəcəkləri həlledici görüşün həm klub, həm də futbolçular üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, ardıcıl ikinci dəfə finalda iştirak etmələrinin qürurverici olduğunu vurğulayıb:
“Sabah” ardıcıl ikinci ildir kubokun finalında oynayır. Burada olmaq bizim üçün böyük şərəfdir. Rəqibimizi finala yüksəldiyi üçün təbrik edirəm. Düşünürəm ki, azarkeşləri maraqlı və həyəcanlı oyun gözləyir”.
Baş məşqçi karyerasında titullar qazandığını xatırladaraq, kuboku yenidən əldə etməklə tarix yazmaq istədiklərini deyib:
“Titullar heç vaxt asan qazanılmır. Sabahkı görüş bizim üçün tarixi fürsətdir. Kuboka sahib olmaq üçün buna layiq olmaq lazımdır. Ötən il olduğu kimi, bu il də qalib gəlib adımızı tarixə yazdırmaq istəyirik”.
Valdas Dambrauskas komandası üzərində əlavə təzyiq hiss etmədiklərini də qeyd edib:
“Bu oyunun nəticəsinin digər klublara necə təsir edəcəyi bizi maraqlandırmır. Biz yalnız özümüz üçün oynayacağıq”.
Mütəxəssis final matçlarının hər zaman xüsusi keçdiyini vurğulayaraq, qarşılaşmanın taleyini xırda detalların müəyyənləşdirəcəyini bildirib:
“Finallarda hər şey mümkündür. Hər iki komanda aqressiv və istəkli olacaq. Fikrimcə, az səhv edən tərəf qalib gələcək”.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı çərçivəsində keçiriləcək “Sabah” – “Zirə” oyunu mayın 13-də "Palms Sports Arena"da baş tutacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.