- Misli Premyer liqa
- 19:08 12.05.2026
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalı öncəsi komandasını çətin və məsuliyyətli oyunun gözlədiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis “Sabah”a qarşı keçirəcəkləri həlledici matçda baxımlı futbol sərgiləmək istədiklərini deyib:
“Sabah bizi olduqca önəmli qarşılaşma gözləyir. Yaxşı və baxımlı oyun göstərmək istəyirik”.
Baş məşqçi sıx oyun qrafikinin komandada müəyyən yorğunluq yaratdığını da gizlətməyib:
“Çox stressli oyunlar keçirmişik. Sabah son 40 gündə 9-cu matçımıza çıxacağıq. Premyer Liqada “İmişli” ilə ağır səfər oyunu oldu. Komandamızda müəyyən problemlər var. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını edib qalib gəlməyə çalışacağıq”.
Rəşad Sadıqov rəqib komandanın gücünü xüsusi vurğulayıb və “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas haqqında müsbət fikirlər səsləndirib:
“Rəqibin çox yaxşı məşqçi və futbolçu heyəti var. Valdas Dambrauskas karyerasında çoxsaylı titullar qazanıb. Kifayət qədər təcrübəli mütəxəssisdir və ona böyük hörmətim var”.
Mütəxəssis final görüşünün avrokuboklar baxımından “Zirə” üçün xüsusi önəm daşıdığını bildirib:
“Bu qarşılaşma bizim üçün avrokuboklara gedən yolda son şansdır”.
R.Sadıqov penaltilər seriyasına da hazır olduqlarını qeyd edib:
“İstərdik ki, oyunun taleyi 90 dəqiqədə həll olunsun. Amma penaltilər seriyasına getmək də bizim üçün uğurlu nəticə sayıla bilər”.
Sonda baş məşqçi nəticədən asılı olmayaraq futbolçularından razı qaldığını vurğulayıb:
“Sabahkı nəticədən asılı olmayaraq, futbolçularımla qürur duyuram”.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı çərçivəsində keçiriləcək “Sabah” – “Zirə” oyunu mayın 13-də "Palms Sports Arena"da baş tutacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.