- Misli Premyer liqa
- 18:59 18.08.2026
“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, “ağ-qaralar” serbiyalı hücumameyilli yarımmüdafiəçi Draqolyub Saviçlə müqavilə imzalayıb. 25 yaşlı futbolçu ilə anlaşmanın müddəti “2+1” il təşkil edir.
Əsasən sol cinah vingeri mövqeyində çıxış edən Saviç karyerası ərzində Serbiya, Avstriya və Latviya klublarının formasını geyinib.
Serbiyalı futbolçu RFS-in heyətində Latviya çempionatının 2023 və 2024-cü illər mövsümlərində, eləcə də 2024-cü ildə ölkə kubokunda qalib olub.
Saviç son olaraq TSC klubunda çıxış edib. O, ötən mövsüm Serbiya Superliqası və kubokunda 36 oyuna çıxaraq 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Yeni mövsümdə isə futbolçu Serbiya çempionatının ilk üç turunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, Draqolyub Saviç yeni mövsümdən etibarən karyerasını “Neftçi”də davam etdirəcək.