- Misli Premyer liqa
- 15:45 25.08.2026
“Qarabağ” klubunda zədə səbəbindən fərdi proqram üzrə məşq edən futbolçuların son vəziyyəti açıqlanıb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə ümumi məşqlərə başlayıb.
Renaldo Sefasın müalicəsi isə davam edir. Onun bərpa prosesində müsbət irəliləyiş qeydə alınır. Sefasın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçiriləcək cavab görüşünün heyətində yer alma ehtimalı var. Futbolçunun meydana çıxıb-çıxmayacağı ilə bağlı son qərar qarşılaşmaya yaxın onun fiziki vəziyyəti qiymətləndirildikdən sonra veriləcək.
Kiyev “Dinamo”su ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda zədələnən Elvin Cəfərquliyev isə əməliyyat olunacaq.
Avqustun 13-də keçirilən qarşılaşmadan sonra aparılan klinik müayinə və MRT nəticələri futbolçunun sol budun arxa əzələ qrupunda yerləşən yarımvətərli əzələnin distal vətərində zədələnmə olduğunu göstərib.
İlkin olaraq konservativ müalicə və reabilitasiya tətbiq edilsə də, gözlənilən bərpa dinamikası əldə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə məsləhətləşmələrin ardından Cəfərquliyevin cərrahi müdaxiləyə ehtiyac olduğu müəyyənləşdirilib.
İlkin hesablamalara əsasən, futbolçunun tam bərpa olunaraq məşqlərə və oyunlara qayıtması təxminən üç ay çəkəcək. Müddət reabilitasiyanın gedişindən asılı olaraq dəyişə bilər.
Komandanın digər futbolçusu Zakaria Savonun da müalicə və bərpa prosesi davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olacağı gözlənilir.