- Misli Premyer liqa
- 21:21 11.09.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun ilk oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, turun açılış matçında “İmişli” Yevlax şəhər stadionunda “Neftçi”ni qəbul edib. Qarşılaşma Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 12-ci dəqiqədə Freddi Varqas açıb. “Neftçi” 28-ci dəqiqədə Breno Almeydanın qolu ilə üstünlüyünü artırıb. Bundan cəmi bir dəqiqə sonra Bəxtiyar Həsənalızadə “İmişli”nin fərqi azaltmasına imkan verib.
İlk hissənin əlavə vaxtında meydan sahibləri hesabı bərabərləşdiriblər. “İmişli”nin kapitanı Azər Salahlı 7-ci əlavə dəqiqədə penaltini dəqiq yerinə yetirib.
İkinci hissədə isə “Neftçi” yenidən önə keçib. Qustavo Klisman akrobatik zərbə ilə komandasına qələbə qazandıran qolu vurub.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Neftçi” turnir cədvəlinin lideri olub. 4 xalı olan “İmişli” isə 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Premyer Liqanın V turuna sentyabrın 14-də yekun vurulacaq.