- Misli Premyer liqa
- 21:37 09.10.2026
Futbol üzrə Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb. Turnirin tarixində ilk dəfə eyni liqada çıxış edən komandaların qarşılaşmasında 12 top fərqi yaranıb.
Peşəkar Futbol Liqasından 90deqiqe.Az-a verilən məlumata görə, II Liqa təmsilçilərinin I təsnifat mərhələsindəki duelində “Qaradağ Lökbatan” “Şəki”ni 12:0 hesabı ilə darmadağın edib.
1992-ci ildən keçirilən Azərbaycan Kubokunda 12 və ya daha böyük top fərqi ilə başa çatan oyunların sayı bununla beşə yüksəlib. Lakin əvvəlki dörd belə qarşılaşmanın heç birində eyni liqada çıxış edən klublar üz-üzə gəlməyib.
Turnirdə bundan daha böyük hesablı qələbə sonuncu dəfə 2003/2004-cü illər mövsümündə qeydə alınıb. Həmin vaxt “Şəfa” “Lider Qarabağ”ı 14:0 hesabı ilə məğlub edib. 1997/1998-ci illər mövsümündə də “Şəfa” HHQ İK üzərində eyni hesabla qələbə qazanıb. Həmin mövsümdə “Qarabağ” “Naftalan”ı, “Kür-Nur” isə “Babək-44”ü 12:0 hesabı ilə üstələyib. Bu görüşlərin hamısında yüksək liqa təmsilçiləri aşağı dəstədə çıxış edən rəqiblərinə qalib gəliblər.
“Qaradağ Lökbatan”ın “Şəki” üzərində qələbəsi klub üçün yubiley qolları ilə də yadda qalıb. Qarşılaşmanın 71-ci dəqiqəsində Vüsal Alızadənin vurduğu qol komandanın Azərbaycan Kubokundakı 50-ci qolu olub. Bununla paytaxt təmsilçisi turnirdə ən azı 50 qol vuran 22-ci komanda kimi tarixə düşüb. Klubun oyundakı beşinci qolu isə ev matçlarındakı 30-cu top olub. Kamil Mahmudovun 17-ci dəqiqədə vurduğu həmin qoldan sonra komandanın ev oyunlarındakı qol sayı 37-yə çatıb.
Azərbaycan Kubokunun I təsnifat mərhələsində məhsuldarlıq baxımından da rekord göstərici qeydə alınıb. Altı qarşılaşmada ümumilikdə 36 qol vurulub. Oyunların nəticələri belə olub:
Beləliklə, hər oyuna orta hesabla 6 qol düşüb. Bu göstərici Azərbaycan Kuboku tarixinin rekordunun təkrarıdır. Sonuncu dəfə belə yüksək orta məhsuldarlıq 1997/1998-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt 1/16 final mərhələsinin 19 qarşılaşmasında 114 qol vurulub və orta məhsuldarlıq 6,00-a bərabər olub.
Beləliklə, 29 ildən sonra Azərbaycan Kubokunda bir mərhələnin orta məhsuldarlıq rekordu təkrarlanıb.