26 oktyabr 2026. Bazar ertəsi

“Turan Tovuz”, “İmişli” və Rəşad Sadıqov üçün əlamətdar göstəricilər


“Turan Tovuz”, “İmişli” və Rəşad Sadıqov üçün əlamətdar göstəricilər

Azərbaycan Premyer Liqasının IX turu “Turan Tovuz”, “İmişli” və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Peşəkar Futbol Liqasından 90deqiqe.Az-a verilən məlumata görə, “Neftçi” ilə səfər matçı (1:1) “Turan Tovuz”un Premyer Liqada 150-ci oyunu olub. Bu qarşılaşmaların 74-ü evdə, 76-sı isə səfərdə keçirilib. Tovuz təmsilçisi indiyədək 58 qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 50 məğlubiyyət alıb. Komanda bu oyunlarda 186 qol vurub, qapısından 174 top buraxıb.

Beləliklə, “Turan Tovuz” Azərbaycan çempionatı tarixində 150 və daha çox oyun keçirən 26-cı komanda olub. Qərb təmsilçisi Premyer Liqada ilk matçını 2022-ci il avqustun 8-də doğma meydanda “Qəbələ”yə qarşı keçirib və 0:2 hesabı ilə məğlub olub.

“İmişli” isə “Şamaxı” üzərində 2:1 hesablı qələbə qazanaraq Premyer Liqada 10-cu uğuruna imza atıb. Çempionatda ikinci mövsümünü keçirən komanda 42-ci oyununda yubiley qələbəsini əldə edib. Bu qələbələrin ikisi evdə, səkkizi isə səfərdə qazanılıb. “İmişli” Azərbaycan çempionatı tarixində ən azı 10 qələbəsi olan 52-ci komanda kimi qeydə alınıb. Təmsilçinin ilk qələbəsi 2025-ci il avqustun 31-də “Sabah”la səfər matçında 1:0 hesabı ilə qeydə alınıb.

IX tur “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün də əlamətdar olub. Onun rəhbərliyi altında komanda 250-ci oyununa çıxıb. “Qartallar” yubiley matçında “Sumqayıt”ı doğma meydanda 3:2 hesabı ilə məğlub edib.

2020-ci ilin iyulundan “Zirə”yə rəhbərlik edən Sadıqovun baş məşqçiliyi dövründə komanda 112 qələbə qazanıb, 76 heç-heçə edib və 62 dəfə məğlub olub. Bu müddətdə “Zirə” 316 qol vurub, qapısından isə 237 top buraxıb. Sadıqovun rəhbərliyi altında keçirilən 250 oyunun 206-sı Premyer Liqada, 28-i ölkə kubokunda, 16-sı isə avrokuboklarda baş tutub.

Qeyd edək ki, Rəşad Sadıqovun “Zirə”nin baş məşqçisi kimi debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın “Qəbələ” ilə səfər oyununda olub. Həmin qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.







Misli Premyer liqa