- Misli Premyer liqa
- 21:18 28.10.2026
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IX turunda keçirilən oyunlarda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında meydan sahiblərinin dörd futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimələnib. “Qəbələ” də beş futbolçusunun sarı vərəqə almasına görə eyni məbləğdə cərimə edilib.
“Şəfa” “Kəpəz”lə oyundan əvvəl matçın ilkin protokolunu elektron sistemdə vaxtında təsdiqləmədiyinə görə 1500 manat cərimə ödəyəcək.
“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında paytaxt təmsilçisinin müdafiəçisi İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu iki oyunluq cəzalanıb, “Neftçi” isə 1000 manat cərimələnib.
“İmişli” ilə görüşdə beş futbolçusu sarı vərəqə alan “Şamaxı”ya 700 manat cərimə tətbiq edilib.
“Sabah” – “Qarabağ” matçında isə qonaq komandanın azarkeşləri rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün “Qarabağ” 6000 manat cərimələnib.
Həmin qarşılaşmada “Qarabağ” azarkeşləri tərəfindən stadionda 27 skamya sındırılıb. Qərara əsasən, stadionun əmlakına dəymiş zərər Ağdam klubu tərəfindən qarşılanmalıdır.