- Misli Premyer liqa
- 20:59 30.10.2026
Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümü II Liqa təmsilçisi “Marafon” üçün əlamətdar olub.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az--a verilən məlumata görə, Sabirabad klubu ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala vəsiqə qazanıb. Bununla da “Marafon” bu uğura imza atan ilk II Liqa təmsilçisi kimi tarixə düşüb.
Turnirin debütantı əvvəlcə “Dinamo”nu 3:0, daha sonra I Liqa təmsilçisi “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 2023/2024-cü illər mövsümündən etibarən hazırkı formatda keçirilən Azərbaycan Kubokunda II Liqa klublarının iştirak etdiyi ilk təsnifat mərhələsini adlayan komandaların heç biri növbəti raundda mübarizəni davam etdirə bilməyib. Bu müddət ərzində II təsnifat mərhələsində aşağı dəstə təmsilçilərinin iştirakı ilə keçirilən digər 25 qarşılaşmanın hamısında 1/8 finala vəsiqəni daha yüksək liqada çıxış edən komandalar qazanıblar.
“Marafon” isə bu ənənəni dəyişərək Azərbaycan Kubokunda yeni uğura imza atıb.
Sabirabad təmsilçisi dekabrın 1 və ya 2-də keçiriləcək 1/8 final mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq.