- Misli Premyer liqa
- 14:14 03.11.2026
Azərbaycan Premyer Liqasının lideri “Neftçi” cari mövsümdə keçirdiyi 10 qarşılaşmada 25 qol vurub.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, bu göstərici Bakı klubunun XXI əsrdə ilk 10 çempionat oyunu üzrə ən yüksək nəticəsidir.
“Ağ-qaralar” mövsümün ilk 10 matçında ən azı 25 qol vurmağı sonuncu dəfə 2000/2001-ci illər mövsümündə bacarıb. Həmin vaxt paytaxt təmsilçisi 28 dəfə fərqlənib.
Bununla da “Neftçi” son 25 mövsümün ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb. Əvvəlki 24 mövsümün heç birində komanda çempionatın ilk 10 qarşılaşmasında hər oyuna orta hesabla 2,50 qol vurmaq həddinə çatmayıb.
Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatının tarixində ilk 10 oyun üzrə ən yüksək məhsuldarlıq göstəricisi də “Neftçi”yə məxsusdur. Bakı klubu 1996/1997-ci illər mövsümünün startında 10 qarşılaşmada 42 qol vurub.