- Misli Premyer liqa
- 14:14 03.11.2026
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının X turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
90deqiqe.Az xəbər verir ki, “Turan Tovuz” – “Sabah” matçı başa çatdıqdan sonra kənar şəxsin meydançaya daxil olması səbəbindən Tovuz klubu 2500 manat cərimələnib. Həmin qarşılaşmada “Sabah”ın beş futbolçusu sarı vərəqə aldığı üçün Bakı təmsilçisinə 700 manat cərimə tətbiq olunub.
“Qəbələ” – “Qarabağ” görüşündə “Zona 1” ərazisində kənar şəxslərin olması meydan sahiblərinə 1000 manat cərimə ilə nəticələnib.
Bundan əlavə, “Qarabağ”ın 9 nömrəli futbolçusu Zakaria Savonun formasında adının Azərbaycan əlifbasında olmayan hərflə yazılması Ağdam klubuna 1500 manat cərimə tətbiq edilməsinə səbəb olub. Görüş başa çatdıqdan sonra “Qarabağ” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə isə klub daha 3000 manat cərimələnib.
“Şamaxı” – “Neftçi” qarşılaşmasının fasiləsində kənar şəxslərin meydançaya daxil olması səbəbindən meydan sahiblərinə 2500 manat cərimə kəsilib. Həmin oyunda “Neftçi”nin fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə paytaxt təmsilçisi 500 manat cərimələnib.
“Sumqayıt” – “Şəfa” görüşündə isə qonaq komandanın beş futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 700 manat cərimə ödəyəcək.