19 noyabr 2026. Cümə axşamı

“Bu mövsüm əsas hədəfimiz I Liqada qalmaqdır”


“Bu mövsüm əsas hədəfimiz I Liqada qalmaqdır”

“Xankəndi” komandasının cari mövsümdə əsas məqsədi I Liqada yerini qorumaqdır.

90deqiqe.Az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Röyal Nəcəfov VII turda “Karvan-Yevlax”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında bildirib.

Mütəxəssis 0:2 hesabı ilə başa çatan qarşılaşmanı dəyərləndirərək məğlubiyyətin səbəblərindən danışıb:

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü mübarizə apardı. Bu matçda fərdi səhv edən komanda məğlub olacaqdı. Təəssüf ki, uduzan tərəf biz olduq. Futbolçularımda günah axtarmıram. “Karvan-Yevlax” ötən mövsüm Premyer Liqada mübarizə aparıb. Heyətimizdə ehtiyat oyunçuların sayı azdır. Bu mövsüm əsas hədəfimiz liqada yerimizi qorumaqdır.

İlk 15-20 dəqiqədə hava şəraiti rəqib futbolçulara təsir edə bilərdi. Biz isə iki gün əvvəl şəhərə gəlmişdik və uyğunlaşmağa imkanımız olmuşdu. Komandamızın əsas problemlərindən biri eyni üslubda oynayan futbolçuların çox olmasıdır. Qış fasiləsində heyətdə dəyişikliklər etməyi planlaşdırırıq. Çalışırıq ki, Xankəndi səfəri rəqiblər üçün çətin olsun.

Hədəfimiz bu mövsüm liqada yerimizi qorumaq, gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparmaqdır”.

Qeyd edək ki, Xankəndi şəhər stadionunda keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşması qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.







Misli Premyer liqa