23 noyabr 2026. Bazar ertəsi

Qurban Qurbanov məşqçilik karyerasında 900-cü oyununa çıxıb


Qurban Qurbanov məşqçilik karyerasında 900-cü oyununa çıxıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün Misli Premyer Liqasının XII turu əlamətdar olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

“Kəpəz”lə qarşılaşma təcrübəli mütəxəssisin baş məşqçi karyerasında 900-cü, “Qarabağ”da isə 850-ci oyun kimi tarixə düşüb. Qurban Qurbanov indiki klubundan başqa “Neftçi”də 38, Azərbaycan millisində isə 12 matçda komandanın baş məşqçisi olub.

Mütəxəssisin karyerasındakı 900 görüşün 598-i Premyer Liqada, 88-i Azərbaycan Kubokunda, 202-si avrokuboklarda keçirilib. Milli komandadakı 12 matç da nəzərə alınmaqla, onun rəhbərlik etdiyi kollektivlər 520 qələbə qazanıb, 208 heç-heçə edib, 172 dəfə məğlub olub.

“Qarabağ”da keçirdiyi 850 oyunun 570-i Premyer Liqaya, 80-i ölkə kubokuna, 200-i avrokuboklara təsadüf edib. Bu görüşlərdə Ağdam təmsilçisi 491 qələbə qazanıb, 197 heç-heçə edib və 162 məğlubiyyət alıb.

Qeyd edək ki, iki tur sonra Premyer Liqada 600-cü oyununa çıxacaq Qurban Qurbanovun həm məşqçilik karyerasında, həm də “Qarabağ”da debütü məhz bu turnirdə olub. O, 2006-cı il avqustun 6-da “Neftçi”nin baş məşqçisi kimi “Gənclərbirliyi” ilə ev matçında (6:1) ilk oyununa çıxıb. 2008-ci il avqustun 9-da isə “Bakılı” ilə səfər qarşılaşmasında (2:1) “Qarabağ”ın baş məşqçisi kimi debüt edib.







Misli Premyer liqa