Rusiya millisinin və "Spartak"ın sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını rəsmən bərpa edib.
Corner.az xəbər verir ki, ötən ilin avqsutunda futbola qayıdan və yerli "Znamya" klubu ilə müqavilə imzalayan əslən azərbaycanlı futbolçu artıq ilk rəsmi matçına da çıxıb.
36 yaşlı futbolçu Rusiya Kubokunun 1/256 final mərhələsinin "Znamya Truda" ilə oyununda çıxış edib. Görüş Səmədovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Roman Pavlyuçenko, Aleksandr Şeşukov və Renat Yanbayevlə eyni komandada olmasının karyerasını bərpa etməsində rol oynadığını deyən Səmədov Premyer Liqa və ya Milli Futbol Liqasından təklif gələcəyi halda, bunu qəbul etməyəcəyini bildirib.
Qeyd edək ki, Səmədov son olaraq Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinib