Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 30-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Olimp-Dolqoprudnı” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşün 59-cu dəqiqəsindən etibarən meydanda olub. Komandasının ikinci qolunu da 73-cü dəqiqədə məhz Qarayev imza atıb.
“SKA-Xabarovsk” 30 turdan sonra 49 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.