Misli Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Corner.az xəbər verir ki, təcrübəli mütəxəssis “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə karyerasında 400-cü qələbəsini qazanıb.
51 yaşlı çalışdırıcı buna 704-cü qarşılaşmasında nail olub. Qurbanovun rəhbərliyi altında komandalar 704 görüşün 178-də heç-heçə edib, 126-da məğlub olub.
Qurban Qurbanov məşqçi karyerası ərzində “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 qələbə sevinci yaşayıb.
Qeyd edək ki, Qurban Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006-cı il avqustun 6-da qazanıb. Onun çalışdırdığı “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.