- Rusiya P.L.
- 14:58 05.11.2024
"Planlaşdırılan transferlərin hamısının edildiyini deyə bilmərəm. Gətirmək istədiyimiz bəzi oyunçular oldu".
Corner.az-ın məlumatına görə, bunu Moskva "Dinamo"sunun idman direktoru Roman Oreşuk deyib.
Baş sponsor "VTB Bank" tərəfindən paytaxt təmsilçisinə təyin edilən Oreşuk Rusiya mətbuatına müsahibəsində yay fasiləsindəki transferləri dəyərləndirib. O, "Ufa"dan icarəyə götürülən Silvestr İqbunanın əsas hücumçuları olacağını söyləyib: "Hücumçu transferlərinin yubanmasının səbəbi ilk hədəfin İngiltərədə oynayan futbolçular olması idi. Ancaq ordakı oyunçuları gətirmə bilmədik və alternativ variantlara keçdik. Bir nəfəri icarəyə götürməyi düşünürdük və sonda üstünlüyü Silvestr İqbuna verdik. Onun bu mövqedəki boşluğu dolduracağına inanırıq".
Klub rəsmisi "Krılya Sovetov"dan gətirilən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev haqda düşüncələrini də bölüşüb. O, forvardın ilk turlarda qol hesabını açmamasına baxmayaraq, ona güvəndiklərini deyib: "Azad agent kimi heyətə qatdığımız gənclər oldu. Məsələn, Ramil Şeydayevin potensialının aşağı olduğunu düşünmürəm. Şeydayevə yalnız qol hesabını açmaq lazımdı. O da bunu bacaracaq. Onun buna görə necə narahat olduğunu görə bilirəm. Biz Ramilə güvənirik, o, "Dinamo" üçün qollar vuracaq. Sadəcə, bunun məqamı var. Təlaş keçirmək yox, nəfəs almaq və düşünmək lazımdı. Hazırkı düşüncəsindən qurtulmalı və rahatlamalıdı. İstədiyi hədəf özü gələcək".
Qeyd edək ki, Ramil Şeydayev "Dinamo" ilə 1 illik müqavilə bağlayıb.(matç)