- Transfer
- 18:38 24.11.2024
Azərbaycan millisinin futbolçusu Emil Balayevin Norveçin "Bude-Qlimt" klubuna keçidinin alınmamasının təfərrüatları bəlli olub.
Corner.az xəbər verir ki, bu barədə "Report"a 26 yaşlı qapıçının atası Nazim Balayev məlumat verib.
N.Balayevin sözlərinə görə, qarşı tərəf qolkiperi birbaşa müqaviləyə dəvət etsə də, maliyyə və ev məsələsi barədə öhdəliklərini yerinə yetirməyib: "Bundan sonra Emil nə etməli idi? Onları gözləməli idi? Deyiblər ki, bizim büdcəmiz zəifdir, ayağımızı yorğanımıza görə uzadırıq. Müxtəlif bəhanələr gətiriblər. Emil də mənə zəng vurdu ki, burada qalmaq istəmirəm, bilsəydim, gəlməzdim".
Balayevin atası bildirib ki, Norveç klubunun büdcəsi az olmaqla yanaşı, futbolçuları gətirib oynadır, qiymətini qaldırıb başqa komandalara satırlar: "Büdcələrini yalnız bu yolla doldururlar. Cəmi 3 000 avro pul təklif ediblər. Orada təkcə nahar etmək 30 avroya başa gəlir. Günə 80-90 avro yeməyə getsə, digər xərcləri necə qarşılasın? Avtomobillə gedib-gəməyi var. Mənzilin icarə haqqı 1 200 avrodur. Bahalı ölkədir. Bütün maaşı demək olar, ancaq belə şeylərə çıxacaq. Emil təklif edib ki, evlə maşının xərclərini siz üzərinizə götürün. Deyiblər ki, büdcəmiz buna imkan vermir. Gərək, ora getməzdi".
Qeyd edək ki, Emil Balayevin son klubu Qazaxıstan "Tobol"u olub.