UEFA maliyyə feyr-pleyi ilə bağlı yeni qərar hazırlayır.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, Avropa futbol qurumu transferlərin ödənişləri ilə bağlı qaydanı sərtləşdirəcək.
Yeni qərar qəbul olunduqdan sonra klublar heyətinə qatdığı futbolçu üçün ödənişi ən gec 3 il müddətində gerçəkləşdirməlidir. Bu da bahalı transferlərin qiymətinin hissə-hissə uzun müddətdə ödənməsinin qarşısını alacaq.
Böyük əks-səda doğuran Neymarın Barcelona-dan PSG-yə keçidi 222 milyon avroya başa gəlib. Lakin Fransa klubu bu məbləği futbolçunun müqaviləsi bitənə qədər – 5 ildə ödəyəcək.
İldə 44,4 milyon ödənməsi maliyyə feyr-pleyini pozuntusundan qaçmağa imkan verir. UEFA-nın yeniliyindən sonra isə belə hallar müşahidə olunmayacaq. Klub həmin məbləği cəmi 3 ilə ödəmək məcburiyyətində qalacaq. Belə qaydalarla Neymarın keçidində illik ödəniş 74 milyon avroya qədər artmış olar.