Türkiyə yığmasının sabiq yarımmüdafiəçisi Kolin Kazım Riçardsın yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, “Derbi Kaunti” klubu 34 yaşlı futbolçunu heyətinə qatıb.
Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik Kolin Kazım ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kolin Kazım Türkiyədə “Fənərbaxça”, “Qalatasaray”, “Bursaspor”, Niderlandda “Feyenoord”, Şotlandiyada “Seltik”, İngiltərədə “Şeffild Yunayted”, “Blekbern Rovers”, Braziliyada “Koritiba”, “Korintians” kimi klublarda çıxış edib. 34 yaşlı futbolçu son olaraq Meksikanın “Paçuka” klubunun uğurları üçün çalışırdı. O, Türkiyə yığmasında 37 oyun keçirib.