"Beşiktaş” sabiq hücumçusu Cenk Tosunu geri qaytarmağa qərar verib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi artıq sabiq futbolçusu və onun müqavilə ilə məxsus olduğu “Everton”la razılığa gəlib.
Türkiyə millisinin də üzvü olan təcrübəli futbolçu yaxın günlərdə İstanbula gələrək rəsmi müqaviləyə imza atacaq.
Klublar bu barədə heç bir rəsmi açıqlama verməsə də, Cenk Tosun öz sosial şəbəkə hesablarında “Beşiktaş”a qayıtdığını gizlətməyib. O, sabiq komandasının formasındakı şəklini paylaşaraq, “Yenidən tarix yazmağa hazırıqmı?” sözlərini qeyd edib. Hücumçu 2018-ci ildə “Everton”a transfer olunarkən “Beşiktaş”ın “Twitter” hesabında paylaşılan “Bu əsla vəda deyil, Tosun Paşa! Bir gün yenidən qovuşacağıq” mesajını da xatırlayıb.
Qeyd edək ki, Cenk Tosun 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümünün birinci dövrəsi daxil olmaqla bütövlükdə 3.5 mövsüm “Beşiktaş”ın uğurları üçün çalışıb. 29 yaşlı hücumçu bu komandanın heyətində bütövlükdə 142 rəsmi matça çıxıb, 64 qol vurub. Cenk, 2018-ci ilin yanvarında 22.5 milyon avro qarşılığında “Everton”a transfer edilmişdi.