- Transfer
- 23:59 15.12.2025
Bolqarıstanın "Çerno More" klubunda çıxış edən Leandro Andradeninin "Qarabağ"a keçmə ehtimalı 99 faizdir.
Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi İlian İliyev jurnalistlərə açıqlamasında məlumat verib.
54 yaşlı mütəxəssis Ağdam klubunun 23 yaşlı vingerlə maraqlandığını bildirib
Bolqarıstanlı mütəxəssis, marağın olması həm klub, həm də oyunçu üçün yaxşı hal olmasını vurğulayıb: "İlk 6-8 ayında Leandro elə də nəzərə çarpmırdı və onu götürdüyümüzə görə bizə iradlar tutulurdu. Ümidvarıq ki, komandamızın digər qalan oyunçuları da öz şanslarından yararlanacaqlar. Leandronun gedəcəyinə hələ 100 faiz əmin deyiləm. Gedəsi olsa, onun yoxluğunu dərhal doldurmaq üçün oyunçu axtarırıq. Ümid edirəm ki, heyətə yeni hücumçu cəlb edə biləcəyik".
Qeyd edək ki, portuqaliyalı futbolçu karyerası ərzində ölkəsinin "Sportinq", "Olyanense" və "Fatima" klublarında da çıxış edib. 2020-ci ilin yayından "Çerno More"də oynayan gənc vinger bu mövsüm 20 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.