- Transfer
- 23:43 22.04.2026
"Bilirəm ki, "Esperans" böyük və tarixi klubdur".
Corner.az xəbər verir ki, bunu "Neftçi"dən ayrılaraq Tunis klubuna keçən Sabir Buqrin təqdimat mərasimində deyib.
26 yaşlı yarımmüdafiəçi bu komandanı titul qazandığı Afrika Çempionlar Liqasında iki mövsüm ərzində izlədiyini bildirib: "Klubun azarkeşlərini də tanıyıram. Bu amillər məni ruhlandırdı və belə gözəl komandaya gəlişimə böyük istək yaratdı.Danışıqların üsul və sürəti məni heyran etdi. İlk dəfədir ki, Afrika komandası ilə müqavilə bağlayıram. Hər şey Avropa klublarındakı kimi baş verdi. Sözün həqiqi mənasında peşəkar komanda tapdım. Mənə etimad göstərən klub rəhbərliyinə və məşqçilər heyətinə minnətdaram. Bura gəldiyim ilk andan anladım ki, bu klubda bütün titulları qazanmaq lazımdır. Ona görə də komandanın ən yaxşı nəticələri meydanda göstərməsindən və podiuma yüksəlməsindən ötrü bütün bacarığımı meydanda qoyacağam".
Buqrin sosial şəbəkələrdə "Esperans" azarkeşlərindən çoxlu mesajlar alsa da, onlara cavab verməməsindən təəssüfləndiyini bildirib: "Bu cavab meydanda olacaq. Söz verirəm ki, onları və ölkəmi məndə gözlənildiyi kimi təmsil edəcəyəm".
Buqrin isə şəxsi "İnstaqram" hesabında Tunis təmsilçisinə keçdiyi üçün qürur duyduğunu və hər şeyə görə "Neftçi" klubuna təşəkkür etdiyini yazıb.
Qeyd edək ki, Sabir Buqrin yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb. 2020-ci ilin iyulundan "Neftçi"də çıxış etmiş oyunçu 2020/2021 mövsümündə "ağ-qaralar"la ölkə çempionu olub.