- Transfer
- 16:38 18.03.2025
"Burada olduğum üçün çox şadam və xoşbəxtəm".
Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi İvan Brkiç klubun rəsmi televiziyasına müsahibəsində deyib.
26 yaşlı qapıçı böyük və tarixi kluba keçdiyini vurğulayıb: "Komandanın çoxlu ambisiyaları var. Klub üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram".
Brkiç danışıqlar prosesinin 6-7 gün əvvəl başladığını bildirib: "Neftçi"dən təklif alandan sonra dərhal bu ölkədə çıxış edən bir neçə oyunçu ilə əlaqə saxladım. "Qarabağ"da oynayan futbolçu və "Neftçi"dən Voislav Stankoviçlə danışdım. Klub haqqında çox yaxşı məlumatlar verdilər".
Xorvatiyalı oyunçu "ağ-qaralar"ın "Qarabağ" klubu ilə rəqabətindən xəbardar olduğu sözlərini də əlavə edib: "11 xallıq fərqi aradan qaldırmalıyıq. Sonda bu mübarizədə qalib gələ bilərik".
Qolkiper "Neftçi"nin keçmiş xorvatiyalı futbolçusu Qoran Paratski ilə əlaqə saxlamadığını söyləyib: "İstra"da birlikdə oynadığımız müddətdə yaxşı münasibətimiz olub. Amma onun daha əvvəl "Neftçi"də çıxış etdiyini bilmirdim. Bu mövzu haqqında danışmamışıq. Bu gün ona yazıb bəzi məsələlər haqqında soruşacağam".
Brkiç paytaxt təmsilçisinin tarixində uğurlu xorvatiyalı oyunçu kimi yadda qalmaq üçün çalışacağını deyib: "Buraya gəlməmişdin əvvəl də "Neftçi" azarkeşlərdən çoxlu mesajlar alırdım. Bu, məni sevindirir. Bütün fanatlara təşəkkürümü bildirirəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, karyeramın ən yaxşı dönəmi məhz burada keçəcək. Düşünürəm ki, sonda qalib gələn tərəf də biz olacağıq".