Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə rəsmi müqavilə bağlayıb. Cornner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. Lakin “Transfermarkt” portalı tərəflərin 4.5 illik sözləşməyə imza atdığını qeyd edir. Emreli yeni komandasında da 11 nömrəli forma ilə çıxış edəcək.
Mahir Emreli son olaraq Polşanın “Legiya” klubunda çıxış edib. 24 yaşlı futbolçu 2021-ci ilin iyulunda “Qarabağ”dan Varşava təmsilçisinə transfer olunmuşdu. O, bu komandanın heyətində bütövlükdə 33 rəsmi oyuna çıxıb və 11 qol vurub. Ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra futbolçunun Varşava təmsilçisindən ayrılması gündəmə gəldi. Millimizin üzvü hətta komandanın qış təlim-məşq toplanışına qatılmaqdan da imtina etdi. Nəticədə tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırdılar.
Azərbaycanlı futbolçu “Dinamo”ya transferi barədə fikirlərini bölüşüb. O, Zaqreb təmsilçisinin rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm. Müntəzəm Xorvatiya çempionluğu qazanan və xüsusən, son illər avrokuboklarda yüksək keyfiyyət sərgiləyən klub ötən mövsümlərdə bir çox önəmli və tarixi uğura imza atıb. "Dinamo"ya Xorvatiyada və ölkə xaricində böyük hörmətlə yanaşırlar. Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur. Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və "Dinamo"nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram. "Dinamo" bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibdir. Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm