Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Fiorentina” klubunun yarımmüdafiəçisi Erik Pulqarı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu İtaliyanın “Fiorentina” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
Çili yığmasının üzvü 2019-cu ildən “Fiorentina”da çıxış edir. Pulqar daha əvvəl “Deportes Antofaqasta”, “Universidad Katolika” və “Bolonya” klublarında da çıxış edib. Florensiya təmsilçisində 80 oyunda 8 qol vurmuş futbolçu, millidə də 38 matça çıxıb, 4 qola imza atıb.
“Qalatasaray” gənc futbolçularından Özgür Baran Aksaka ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Tərəflər 3.5 illik sözləşməyə qol çəkiblər.
"Sarı qırmızılar" sabiq müdafiəçisi Semih Kayanı da heyətinə qatıb. Belə ki, son olaraq “Yeni Malatyaspor” klubunda çıxış edən 30 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Xatırladaq ki, Semih Kaya 2011-2017-ci illər aralığında məhz “Qalatasaray”da forma geyinib. Ardından 3 mövsüm Çexiyanın “Sparta” (Praqa) klubunda çıxış edən futbolçu, ötən mövsümün əvvəlində “Yeni Malatyaspor”a transfer olunmuşdu.